Paşinyanın hədəfində yenə Rusiya var: İrəvan Moskvanı indi də burdan vurur!

Nikol Paşinyan Ermənistanın İctimai Televiziya kanalına son müsahibədə Rusiya və sülhməramlılarla bağlı ciddi iddialar səsləndirib. Belə ki, Rusiya sülhməramlıları Qarabağda 3 ilə yaxın müddətdə erməniləri (separatçıları) qorumadığını iddia edib.

“Onlardan (Rusiya hakimiyyətindənred.) niyə soruşmursan ki, bəs sənin sülhməramlıların Qarabağda kimi qoruyurdular? Bir də onlardan soruşarsan ki, üçtərəfli bəyanatın şərtlərinə görə 5 il müddətində bölgəni tərk etməməli idilər. Nə üçün çıxıb gedəndə bizimlə sağollaşmadılar?” – Paşinyan deyib.

Paşinyanın dediklərindən çıxan nəticə budur ki, Rusiya sülhməramlılarından Ermənistan hakimiyyəti narazıdır. Dolayısı ilə onları Azərbaycana işləməkdə ittiham edir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, Paşinyanın demarşı davam edir:

Qədir Aslan

“O, çıxışlarında daha çox Rusiyanı hədəf alır və ittiham edir. Ölkədə anti-Rusiya əhvalını daha da gücləndirmək, habelə, öz səhvlərini ört-basdır etmək üçün ölkə mediasından geniş şəkildə istifadə edir. Prinsip etibarilə hiyləgər və effektiv bir addımdır.

Misal üçün, Paşinyan son çıxışlarından birində qeyd etdi ki, ruslar Qarabağda erməniləri qorumağı öhdəlik kimi götürüb. Mariya Zaxarova isə buna cavab olaraq bildirdi ki, biz belə öhdəlik götürməmişik. Zaxarovanın açıqlamasından sonra isə Paşinyan onun sözlərindən maksimum dərəcədə istifadə etdi.
Paşinyan Ermənistanı Rusiyanın orbitindən çıxartmaq istəyir. Bunun üçün də əlindən gələn hər şeyi edir. Bütün resurslardan istifadə etməkdən çəkinmir.
Əslində mövcud vəziyyət Paşinyanın maraqlarına uğundur. O, Qarabağ kimi bir problemdən, yükdən canını xilas etdi. Hətta Putinin sözlərindən də bu qənaətə gələ bilərik ki, Rusiya Qarabağın işğaldan azad edilməsini istəmirdi.

Paşinyan antirusiya siyasətini bundan sonra da davam edəcək. Çünki onun siyasi konsepsiyanın əsasını Ermənistanın Qərbə inteqrasiyası tutur. O ki qaldı sülhməramlılara onlar artıq müzakirə mövzusu deyil. Faktiki olaraq ciddi bir hərbi missiyaları da qalmayıb”.

Turan Rzayev
Globalinfo.az