Əsgərandakı ermənilərin məqsədi nədir? – “Bakı Laçın yolunu bu halda açacaq”

Bakıdan Xankəndiyə yardım üçün göndərilən 40 ton un dolu iki TIR artıq 15 gündür Ağdam-Xankəndi yolunu keçmək üçün gözləyir.

Rusiyanın yardım TIR-nın Qarabağa çatdırılması bu yolun artıq açılması kimi qiymətləndirildi. Azərbaycan TIR-larının keçidinə yaradılan maneəni aradan qaldırmayan ermənilər, rus humanitar yükünün Xankəndiyə çatdırılmasını nümunə göstərərək Laçın yolunun açılmasını tələb edirlər.

Bəs bizim TIR-larımızın Xankəndiyə keçidi nə zaman təmin edilə bilər? Bakının göndərdiyi yük maşınları Qarabağa yola düşərsə, Ermənistandan və Fransadan gələn TIR-lar da avtomatik Laçın yolu vasitəsilə Xankəndiyə tərəf hərəkətə başlaya bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Turab Rzayev bildirib ki, Qarabağdakı erməni icmasının Ağdam-Xankəndi yolunu bağlamaqdakı əsas məqsədi başqadır:

Turab Rzayev

“Qarşı tərəfin bu məsələdəki mövqeyi anlaşılan deyil. Çünki bununla nə əldə edə biləcəkləri tamamilə sual altındadır. Ağdam-Xankəndi yolunun ermənilər tərəfindən bağlanması, Azərbaycanın əsas hissəsi ilə Qarabağın rus sülhməramlılarının nəzarəti altında olan əraziləri arasında iqtisadi əlaqələri bloklayır. Bu reinteqrasiya prosesinə, gediş-gəlişə, insanların bir-biri ilə yaxınlaşması və düşmənçiliyin aradan qaldırılmasına, ticarət əlaqələrinin inkişafına bir maneədir. Həmçinin bu addım o bölgədə yaşayan erməni icmasının iqtisadi imkanlarının daralması və sosial rifahın aşağı düşməsinə səbəb olur. Bu yolla əsasən Azərbaycanla reinteqrasiya prosesinin qarşısını almağa çalışırlar, lakin heç də məntiqli addım deyil. Ermənistan rəhbərliyi dəfələrlə Azərbaycanla kommunikasiya xətlərini açmağa hazır olduğunu bəyan etsə də, Qarabağ erməniləri buna əks hərəkətlərə yol verərək sülhə xidmət etmədiklərini göstərirlər”.

Politoloq Laçın yolunun sadəcə Ağdam-Xankəndi yolu ilə paralel fəaliyyətə başlaya biləcəyini söyləyib:

“Bakıdan göndərilən humanitar yükün Ağdam-Xankəndi yolunda gözlədilməsi başa düşülən deyil. Azərbaycandan öz ərazisinə göndərdiyi humanitar yükləri deyil, xarici ölkədən göndərilən yüklərin buraxılmasını tələb etmək normal deyil. Düşünürəm ki, Bakıdan göndərilən TIR-lar Xankəndiyə doğru yola düşəcəyi təqdirdə, digər yüklərin də çatdırılması təmin ediləcək. Rəsmi Bakı açıq şəkildə bəyan edib ki, qarşı tərəfdən Azərbaycan yüklərinin Qarabağa çatdırılması təmin edilərsə, Laçın yolu açılacaq və digər TIR-lar da bir gün ərzində buraxılacaq. Əlbəttə, Laçın yolunun fəaliyyəti isə orada Azərbaycan gömrük qaydaları tətbiq edilməklə həyata keçiriləcək.

Çox rahat bir şəkildə hər iki yolun eyni anda fəaliyyət göstərməsi mümkündür. Separatçılar sadəcə bu prosesi mürəkkəbləşdirməyə çalışırlar. Onlar Azərbaycana tərəfini təhdid edir ki, Laçın yolu açılmalıdır, Ağdam-Xankəndi yolu isə yox”.

Ayşən Mustafa
Globalinfo.az