Ermənistanla sülh hansı şəhərdə imzalanacaq? – Ən real versiya

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib. Prezident İlham Əliyev də Azərbaycan üçün Astanada danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.

Rusiya bu prosesdə hansısa formada rol oynayırmı?

Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini istisnasız olaraq dəstəkləyən dost və qardaş ölkədir:

“Hələ 2005-ci ildə Azərbaycanla Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb və hər iki ölkənin parlamentlərində ratifikasiya olunub. 2022-ci ildə isə “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” imzalanıb və Azərbaycan-Qazaxıstan münasibətlərinin bütün istiqamətlər üzrə inkişaf etdirilməsi ilə bağlı yeni prioritetlər müəyyənləşib.

Qazaxıstan bölgədə sabitliyin qorunub saxlanmasında, təhlükəsizliyin təmin edilməsində maraqlı olan və bu istiqamətdə səmimi səylər göstərən bir ölkədir.

Azərbaycanla Qazaxıstanın birgə səyləri nəticəsində “Orta dəhliz” – Transxəzər Beynəlxalq (multimodal) Nəqliyyat Dəhlizi reallığa çevrilib və əhəmiyyətini gündən-günə artırmaqdadır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, şübhəsiz ki, regionda kommunikasiyaların açılmasına və “Orta dəhliz”in Azərbaycan üzərindən keçməklə Ermənistan marşrutunun da işə düşməsinə, mahiyyət etibarilə Zəngəzur dəhlizi layihəsinin də gerçəkləşməsinə zəmin yarada, bölgədə etimadlı münasibətlərin formalaşmasına yol aça bilər”.

Elçin Mirzəbəyli

Ekspert deyib ki, bütün hallarda, Qazaxıstanın da Xəzəryanı ölkə olduğunu nəzərə alsaq, bölgə dövlətlərinin regionda davamlı sülhün əldə olunması ilə bağlı səyləri müsbət qəbul olunmalıdır:

“Qazaxıstanın Azərbaycan və Ermənistanla münasibətləri bu ölkənin sülh danışıqlarında platforma kimi çıxış etməsinə və sülh prosesinə töhfə verməsinə imkan yaradır.

Qeyd edim ki, bu ilin may ayında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında Almatıda keçirilən görüş də məhz Qazaxıstan prezidentinin təşəbbüsü ilə baş tutmuşdu və sülh müqaviləsinin bir sıra istiqamətləri üzrə müsbət irəliləyişlərin əldə olunmasına zəmin yaratmışdı. Düşünürəm ki, Qazaxıstan sülh platforması kimi Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə olunması üçün ən uyğun məkanlardan biri və bəlkə də birincisidir. Bu baxımdan, formatından asılı olaraq, qardaş ölkədə Ermənistanla sülh müqaviləsinin razılaşdırılması istiqamətində aparılacaq müzakirələrin prosesə ciddi təsiri olacağı qənaətindəyəm.

Bu məsələdə Rusiyanın roluna gəldikdə isə rəsmi Moskvanın görüşün təşkili ilə bağlı hansı bir təşəbbüsdə olduğu barədə məlumata malik deyiləm. Təşəbbüsün Qazaxıstan prezidenti tərəfindən irəli sürüldüyü məlumdur. Rusiyanın da bu təşəbbüsə müsbət yanaşacağı gözləniləndir. Çünki Qazaxıstan vasitəçilik iddiasında deyil və tərəflərə öz iradəsini sırımır. Əksinə qarşılıqlı münasibətlərdən prosesin irəliyə doğru aparılması üçün yararlanmağa və prosesə pozitiv dinamika verməyə çalışır”.

Turan Rzayev
Globalinfo.az