Babayanın gülməli “Xankəndi təklifi” – Bakı nə deyəcək?

Ermənistana qaçan separatçılar arasında qarşıdurma kəskinləşir. İrəvanın siyasi meydanı artıq Paşinyan və müxalifətin yox, həm də separatçıların inteqrasiyasına şahidlik edir. Bu intriqa fonunda separatçıların sonuncu “başçısı” Samvel Şahramanyanın qondarma rejimi buraxması ilə bağlı qərarının dəyişdirilməsi məsələsi gündəmə gəlib.

Hazırda Ermənistana qaça bilən separatçılar burada mühacir hökumət qurmaq və separatçı fəaliyyətlərini davam etdirmək istəyirlər.

Maraqlıdır, bu vəziyyət rəsmi Bakı üçün risk daşıyır? Azərbaycan Ermənistandakı separatçılarla bağlı hansı tədbirləri görəcək?

Mövzu barədə Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Samvel Babayanın son günlər verdiyi açıqlamalar gündəm olur.

“Babayan növbəti dəfə xülyalar içərisində təkliflər irəli sürür. Misal üçün, deyir ki, qondarma rejimin buraxılması ilə bağlı qərar dəyişə bilər. Təəssüf ki, Babayan bununla nəyəsə nail ola biləcəyini düşünür.

Oktay Qasımov

Babayanın digər diqqətçəkən təklifi Qarabağ ermənilərinin muxtariyyət qarşılığında Qarabağa qayıtmasıdır. Azərbaycan tərəfi birmənalı şəkildə bildirib ki, ermənilərə heç bir muxtariyyət verilməyəcək. Onlar da digər Azərbaycan vətəndaşları kimi konstitusiyamızda göstərilən hüquq və azadlıqlardan yararlana bilər – ən yaxşı halda milli azlıq statusu daşıya bilər. Bunun xaricində muxtariyyətin verilməsi müzakirə mövzusu belə deyil. Separatçılar arasında fikir ayrılığı olduğu bəllidir. Lakin onların bu və ya başqa formada qərarlarının hüquqi legitimliyi yoxdur.

Aydın məsələdir ki, Samvel Babayan Paşinyanın istəklərini yerinə yetirir. Onun Paşinyanla münasibətləri hər kəsə bəllidir. Hesab edirəm, dedikləri ciddiyə alınmamalıdır.

Azərbaycanda qondarma qurum yoxdur. Bir çox serparatçı da həbs edilib. Samvel Babayan və onun kimi qaçmağı bacaran separatçıların verdiyi açıqlamalar isə sadəcə söz yığınıdır”.

Turan Rzayev
Globalinfo.az