Ermənistana ağır texnikalar daşınır – Generalın ani səfərinin GİZLİNLƏRİ

Martın 12-də Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının (TŞ) katibi Ramil Usubov Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. İndiki həssas məqamda TŞ katibinin Tbilisidə keçirdiyi görüşlər diqqət çəkir. Görüşdə tərəflər Gürcüstanla Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət zamanı regionda sabitliyin və uzunmüddətli sülhün vacibliyi vurğulanıb.

Səfərin arxasında hansı səbəblər dayanır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze ilk səfərini martın 15-16-sında Azərbaycana edəcək:

“Bununla da Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq bir daha sübut olunur. Həftə ərzində təhsil naziri Emin Əmrullayev Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Givi Mikanadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

Ümumiyyətlə, bu səfərlərin strateji əhəmiyyəti ondan ibarətdir ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında vasitəçilik missiyasını üzərinə götürmək istəyir. Buna görə də İrakli Kobaxidzenin səfəri mühüm əhəmiyyətə malikdir”.

Politoloq Elxan Şahinoğlu isə vurğulayıb ki, rəsmi Bakının Gürcüstanın siyasəti ilə bağlı bir sıra haqlı sualları var:

“Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun səfəri də məhz bu suallara cavab tapılması ilə əlaqədardır. Gürcüstan illərdir Azərbaycanın strateji müttəfiqidir, amma son vaxtlar İrəvan-Tbilisi əlaqələri də genişlənməyə başlayır. Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisiyə səfər etdi və iki ölkə arasında strateji müttəfiqlik haqqında saziş imzalandı. Gürcüstan Azərbaycanla strateji müttəfiqliyə sadiq olsa da, Ermənistanla imzalanan bu sazişin rəsmi Bakıya yönəlib-yönəlməyəcəyi sual doğurur.

Digər tərəfdən, Fransa Ermənistana Gürcüstan üzərindən silah göndərmişdi. Keyfiyyətsiz “Bastion”lardan fərqli olaraq rəsmi Paris bu dəfə daha ağır texnikalar göndərməyə çalışır. Azərbaycanda siyasi ekspertlər arasında müəyyən şübhələr var ki, həmin texnikalar Tbilisi üzərindən göndərilə bilər, çünki başqa yol yoxdur. Gürcüstan bu dəfə də texnika daşınmasına imkan verəcək? Görünür, rəsmi Tbilisinin Avropa İttifaqına üzv olması əsasən Fransadan asılıdır. Böyük ehtimalla Ramil Usubov bu məsələləri də gürcü rəsmiləri ilə müzakirə edib, Azərbaycanın narahatlığını diqqətə çatdırıb”.

Safura Bənnayeva
Globalinfo.az