Ermənistan təzminat olaraq Azərbaycana bu iki şeyi versə… – Ekspert mümkün ssenarini açdı

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 41 gündür davam edir.

Aksiyanın davam etməsi, etirazçıların tələblərinin yerinə yetirilməməsi Azərbaycanın Ermənistandan işğal dövründə, habelə, 44 günlük Vətən müharibəsindən sonra ətraf mühitin məhvinə görə kompensasiya tələb etməsi məsələsini aktuallaşdırır.

Maraqlıdır, Azərbaycan indiki mərhələdə Ermənistandan təzminat ala bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistanın həm işğal dövründə, həm də İkinci Qarabağ müharibəsi sonrası Azərbaycan torpaqlarına vurduğu ziyan milyardlarla dollarla qiymətləndirilir:

“Azərbaycan Ermənistan tərəfindən ona dəyən ziyanı dəqiq hesablayıb faktlarla beynəlxalq məhkəmələrə təqdim edə bilər. Beynəlxalq məhkəmələrdə müsbət qərarın çıxacağı, yaxud bunun nə vaxt olacağını zaman göstərəcək.

Proses uzansa belə rəsmi Bakı təzminat məsələsindən hər zaman İrəvana qarşı əsas təzyiq vasitəsi kimi istifadə edə bilər. Düzdür, mövcud şərtlərdə Ermənistanın Azərbaycana təzminat verməsi çətin görünsə də bu bizi narahat etməməlidir.

Məsələ ondadır ki, rəsmi İrəvanın kompensasiyanı torpaqla ödəməsi məsələsi də gündəmə gətirilə bilər. Yəni Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən kiçik bir torpağın bizə qaytarılması belə məqbul sayıla bilər.

Digər tərəfdən, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının təmin edilməsi də irəli sürülə bilər. Yəni Ermənistan təzminat ödəmək yerinə Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışına imkan yarada bilər.

Bu o baxımdan vacibdir ki, Qərbi Azərbaycana qayıdacaq azərbaycanlılar həm Ermənistanın gələcəkdə ərazi iddialarını bloklaya, həm də Ermənistan siyasətində özlərinə yer taparaq, Bakının əlavə təzyiq rıçaqı ola bilər”.

Turan Rzayev
Globalinfo.az