Erməni politoloq Suren Surenyants “Amerikanın “Fitch Solutions” analitik mərkəzinin ekspertlərinə istinadən deyib ki, bu ilin birinci yarısında Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalanacaq. O bildirib ki, hesabatda Zəngəzur dəhlizi ilə bağlı detalların olması Qərbin də bu məsələyə müsbət yanaşdığını göstərir.
“Ermənistan dəhliz mövzusunu gündəmdən çıxara bilmədi”, – Suren Surenyants vurğulayıb.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov qeyd edib ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsini şərt olaraq irəli sürüb:
“Bu dəyişikliklər Ermənistan konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddiaları ilə bağlıdır. Ermənistan Baş naziri Nikol Paşinyan prosesdə qərarlı görünsə də, qısa müddət ərzində buna nail olacağı şübhə doğurur.
Birincisi, ona görə ki müxalifətin ciddi müqaviməti ilə üzləşir və üzləşəcək.
İkincisi, sülh müqaviləsinin imzalanması bir sıra xarici güclərin, məsələn, Fransanın maraqlarına ziddir və onlar bunun reallaşmaması üçün əllərindən gələni etməyə çalışırlar və çalışacaqlar.
Üçüncüsü, konstitusiyada dəyişiklik üçün referendum keçirilməlidir ki, buna da vaxt lazımdır.
Sözügedən səbəbləri nəzərə alanda bu ilin birinci yarısında sülh müqaviləsinin imzalanması gözlənilmir”.
Vəli Əlibəyov
Politoloq vurğulayıb ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasının önəmini başa düşür:
“Zəngəzur dəhlizinin açılması ilk olaraq rəsmi İrəvan üçün vacibdir. Bunu Ermənistan hakimiyyəti də başa düşür və o səbəbdən sülh müqaviləsinin mətnində Zəngəzur dəhlizi ilə bağlı detalların olacağı məntiqli görünür”.
Safura Bənnayeva
Globalinfo.az














