Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş bölgəsində internetin yayımında problem yaranıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Artıq bir neçə saatdır Tavuşda internetin əlçatan olmadığı bildirilir.
“Team Telecom Armenia”ın məsələ ilə bağlı yaydığı məlumatda internetin kəsilməsinə səbəbin kabellərin zədələnməsi olduğu qeyd edilir. Belə ki, hazırda Tavuşda aparılan yol tikintisi işləri zamanı internet kabelləri zərər görüb. Əraziyə mütəxəssislərin cəlb edildiyi və internetin bərpasının yaxın zamanda mümkün olacağı qeyd edilib.
Qeyd edək ki, Ermənistan-Gürcüstan dövlətlərarası yolunun Tavuşun Kirants kəndindən keçən hissəsi demarkasiya prosesi çərçivəsində bağlanılıb. Yolun ərazisinin Azərbaycana təhvil veriləcəyi deyilir. Dövlətlərarası yolun Tavuşun qonşu kəndlərindən keçməsi qərarlaşdırılıb. Hazırda yolun həmin hissəsinin tikintisi davam edir.
Ayşən Mustafa
Globalinfo.az














