Ermənistan XİN ölkənin Təbrizdə baş konsulluğunun açılması üçün hazırlıq işlərinin davam etdiyini açıqlayıb. Yerli KİV konsulluqla bağlı suala konkret cavab ala bilməyib.
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan və İran arasında münasibətlər daha da inkişaf etməyə başlayıb:
“Bu yaxınlaşma özünü dövlət başçılarının və ölkə rəsmilərinin qarşılıqlı səfərləri, telefon danışığı, həmçinin əldə edilən razılaşmalar fonunda daha çox göstərməyə başladı. Onu da deyim ki, bu yaxınlaşma birbaşa Türkiyə-Azərbaycan alyansına qarşı yönəlmişdi. Görünür, Tehran və İrəvan regionda yeni gücə çevrilən Bakı-Ankara birliyini özünə təhdid kimi görürdü. Bunun nəticəsi kimi biz bu gün də İran-Ermənistan yaxınlaşmasının şahidi oluruq.
Bu gün Bakı ilə Tehran arasında yaxınlaşma var. Tehranda yeni səfirliyin açılması da gərginliyin arxada qaldığını göstərir.
İlyas Hüseynov
O ki qaldı Təbrizdə Ermənistanın baş konsulluğunun açılmasına, bu, İranın Qafanda açdığı konsulluğa cavabdır. Əslində, hər iki tərəf Bakıya mesaj verir. İranla münasibətlər normallaşsa da, mahiyyəti dəyişmir. Tehran İrəvana Bakıya olduğundan daha yaxındır”.
Turan Rzayev
Globalinfo.az