Ermənistan mediası Azərbaycan Prezidenti İlham Əliyevin Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması məsələsindən danışarkən dediyi fikirləri tirajlayıb.
Globalinfo.az xəbər verir ki, Prezident “Metsamor”un son dərəcə təhlükəli olduğunu deyib və bağlanması gərəkdiyini vurğulayıb.
Ermənistan KİV Prezidentin xüsusilə “Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi – harada elektrik dirəkləri quraşdırılmalıdır” fikirlərinə diqqət çəkib. Erməni KİV “azərbaycanlı mütəxəssislərin Ermənistanda təhlillər aparması” xəbərinin ilk dəfə bəyan edildiyini yazıb və bunu təəccüblə qarşılayıb.
Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev Naxçıvana səfər edib. Dövlət başçısı burada bir sıra mövzulardan, həmçinin Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması zərurətindən danışıb.
“Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər”, – İlham Əliyev qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az