Ermənistanla Azərbaycan arasında sülh prosesi davam edir. Rəsmi Bakı İrəvandan Ermənistan konstitusiyasına dəyişiklik etməsini tələb edir. İrəvan bundan imtina etmək istəsə də, Bakı mövqeyindən geri addım atmır.
Ekspertlər vurğulayırlar ki, bu, Ermənistanın gələcəkdə Azərbaycana qarşı ərazi iddiası irəli sürməməsi üçün zəruridir.
Ermənistan konstitusiyasının dəyişməsi İrəvanın Azərbaycana ərazi iddialarının qarşısını alacaqmı? Gələcəkdə müharibənin başvermə ehtimalı var?
Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, sülh sazişi imzalansa, Ermənistan gələcəkdə yeni müharibəyə başlamayacağı öhdəliyini götürəcək:
“Lakin bu belə həmin öhdəliyi icra edəcəyi demək deyil. Ümumiyyətlə, bunun olacağını düşünmək belə sadəlövhlükdür. Misal üçün 1994-cü ildə Rusiya ilə Ukrayna arasında Budapeşt memorandumu imzalandı. Həmin memoranduma görə, Rusiya Ukraynanın ərazi bütövlüyünü tanıdığını rəsmi olaraq bildirdi. Buna baxmayaraq, 2014-cü ildə Rusiya Krımı ilhaq elədi, 2022-ci ildə isə yeni müharibəyə başladı. Yəni ortada bir sənəd olsa belə bu, müharibənin qarşısını almaq üçün kifayət deyil.
Fərid Şəfiyev
Gələcəkdə Ermənistanda radikal qüvvələrin baş qaldırması istisna deyil. Ermənistan bu gün də Fransadan, Hindistandan silah alır. Silahlanma narahatlıq yaradır. Buna görə də rəsmi Bakı Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb edir.
Bu gün bir sıra Avropa ölkələri bunu əleyhimizə istifadə edib bizi ittiham edir. Halbuki rəsmi Bakının bu təklifi elə beynəlxalq təcrübəyə söykənir. Misal üçün İrlandiya konstitusiyasında Britaniyaya ərazi iddiaları vardı. 1998-ci ildə imzalanan Belfast sazişinə görə, İrlandiya konstitusiyasını dəyişmək öhdəliyi götürdü. Bundan başqa, Makedoniya da Yunanıstanın tələbi ilə ölkə adını Şimali Makedoniya olaraq dəyişdi. Yəni bu təcrübəni biz icad etməmişik. Elə Avropada tətbiq edilən təcrübəni istifadə edirik”.
Turan Rzayev
Globalinfo.az














