“Ermənistan bu dəfə daha biabırçı və dağıdıcı məğlubiyyətə uğrayacaq” – Politoloq

“Sentyabr ayının əvvəlindən regionda gərginlik hökm sürür. Hazırda bu gərginlik yeni bir mərhələyə qədəm qoya bilər”.

Bu sözləri Globalinfo.az-a politoloq İlyas Hüseynov Ermənistan-Azərbaycan gərginliyi fonunda Fransanın regiona təsiri haqda danışarkən deyib.

İlyas Hüseynov

Onun sözlərinə görə, sentyabr ayının ilk günündən etibarən biz Ermənistanın diversiya hücumlarının, təxribatlarının şahidi olduq:

“Hazırkı proseslər eynilə 44 günlük müharibə öncəsi vəziyyətə çox bənzəyir. Biz həmin vaxta Ermənistanın təxribatlar etdiyinin şahidi olmuşduq. Lakin sonda Azərbaycan ordusu uğurlu əks-hücum əməliyyatları keçirərək düşməni yerində oturtdu. Bununla da Azərbaycan tarixi zəfər qazandı.

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın ritorikasında kəskin dəyişiklik hiss edilir. Belə ki, onun məğlub lider obrazı sanki artıq yoxdur. Hesab edirəm, bunun da subyektiv səbəbləri var.

Ermənistan xarici havadarların güvənir. Misal üçün, Fransa sürətli şəkildə Ermənistanı silahlandırır. Bundan əlavə, rəsmi Paris siyasi diplomatik olaraq da Ermənistanı dəstəkləyir. Belə olan təqdirdə Ermənistanın özünə inamı artır.

Lakin Fransanın dəstəyi Ermənistan üçün heç bir müsbət gələcək vəd etmir. Belə ki, real müharibə zamanı Parisin verəcəyi heç bir dəstək effektiv olmayacaq. Necə ki, 44 günlük müharibədə olduğu kimi. Azərbaycan nə Fransa, nə də başqa bir ölkədən çəkinir.

Hesab edirəm, hazırkı gərginlik müharibə kontekstinə keçərsə, Ermənistan 44 günlük müharibədə olduğundan daha biabırçı və dağıdıcı məğlubiyyətə uğrayacaq”.

Turan Rzayev
Globalinfo.az