Globalinfo TV-nin Qarakənd faciəsi ilə bağlı təqdim etdiyi videomüsahibə hadisə barədə yeni detalları üzə çıxarıb. Əməkdaşımızın əldə etdiyi məlumata görə, qəzaya uğrayan helikopterdə sosioloq Əhməd Qəşəmoğlu da olmalı imiş.
Məsələ ilə bağlı Globalinfo.az-a danışan Əhməd Qəşəmoğlu xəbəri təsdiq edib.
Ə.Qəşəmoğlu həmin vaxt ona edilən təklifdən imtina etdiyini bildirib:
“Bəli, həmin helikopterdə mən də olmalı idim. Allah məsləhət bilmədiyi üçün olmadım.
Əhməd Qəşəmoğlu
Mərhum jurnalist Osman Mirzəyev mənə dedi ki, sabah Qarabağa uçuruq, Tofiq İsmayılov (sabiq dövlət katibi) istəyir ki, sən və Alı Mustafayev (AzTV-nin əməkdaşı) bizimlə birlikdə gedəsiniz, qayıdanda ikinizi də işə götürəcək. Mənə isə Prezident Aparatında ictimai-siyasi şöbədə sektor müdirinin müavini vəzifəsi təklif olunmuşdu. Açığı, razılaşmadım. Osman bəy də məndən inciyib getdi ki, bəs, Tofiq müəllimə nə deyim?! Elə oldu ki, onlar Qarabağa uçdular. Səhər TV-yə baxanda gördüm ki, mənim də içərisində ola biləcəyim helikopteri ermənilər vurublar, heyət də həlak olub. O xəbəri eşidəndə haradasa 10 dəqiqəyə yaxın dilim tutulmuşdu. Allah hamısına rəhmət eləsin!”
Zaira Akifqızı
Globalinfo.az