“Sünikdən (Zəngəzur – red.) keçəcək yolun taleyini anlamaq üçün Ermənistana sadəcə fərqli aktorların təklifləri yox, həm də Baş nazir Nikol Paşinyanın onlara nə vəd etdiyinə dair aydın informasiya lazımdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif “Hayastan” fraksiyasının deputatu Anna Qriqoryan deyib.
O, erməni ictimaiyyətinin Moskvanın İrəvana Zəngəzur dəhlizi ilə bağlı təkliflərindən xəbərsiz olduğunu bildirib.
Deputat Zəngəzur dəhlizinin hazırda Ermənistansız müzakirə edildiyini söyləyib:
“Məsələ Ermənistanla yox, Rusiya-İran, Rusiya-Azərbaycan, Rusiya-Türkiyə, Qərb-bütün oyunçular formatlarında müzakirə edilir. Yəni ətrafımızdakı hər kəs bizə aid məsələnin müzakirəsini aparır. İrəvanın özü isə bu danışıqlarda yoxdur. Çünki danışıqları aparacaq şəxs hazırda velosiped sürməklə və insanları bu məsələlərin vacib olmadığına inandırmaqla məşğuldur”.
Əliyar Xəlil
Globalinfo.az














