Ermənilər ya kəndləri boşaldacaqlar, ya da… – BAKIDAN XƏBƏRDARLIQ

“Ermənistanda hakimiyyətdən qovulan şəxslərin özlərini Qarabağ ermənilərinin dərdlərini çəkirmiş kimi göstərməsi, bu istiqamətdə addımlar atması, mənasız müzakirələr açması təəccüblü deyil. Onlardan biri də Vardan Oskanyandır”.

Bu sözləri Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın “Erməni kəndlərini (Qazaxın işğaldakı kəndləri – red.) Azərbaycana verməyə hazırsınızsa, o zaman Bakıdan Qarabağın muxtar statusunun bərpasını tələb edin” sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Oskanyan son günlər israrlı şəkildə Baş nazir Nikol Paşinyana və onun hökumətinə ağıl verməyə çalışır:

“Oskanyan nəinki Azərbaycanda, heç Ermənistanda da ciddi şəxs hesab edilmir. İlk növbədə ona görə ki, yaşının bu vaxtında tamamilə mənasız, ziddiyyətli açıqlamaları ilə gündəmi zəbt edir.

Gah konsepsiya təqdim edir, gah da bu cür heç bir əhəmiyyəti olmayan sözlər danışır. Görünür, keçmiş nazir kimlərə yalandan söz verib ki, Azərbaycandan Qarabağ erməniləri üçün muxtariyyət ala bilər və özünü də buna inandırıb. Bu qoca anlamır ki, artıq gündəmdə belə məsələ mövcud deyil.

8 kənd bizimdir. Biz heç kimdən “kəndləri bizə verin” deyə xahiş etmirik. Biz Ermənistandan tələb edirik ki, kəndləri boşaltsınlar. Azərbaycan istəsə cəmi bir neçə saatın içində o kəndləri azad edər.

O kəndlər bizim beynəlxalq hüquqla tanınan ərazimizdir. Oskanyanın məqsədi sadəcə bu məsələdə diaspordan qrant qapazlamaqdır. Bu cür keçmiş “siyasi meyitləri” ortaya atmaqla sülh prosesinə mane olmaq istəyirlər.

Güc hazırda Azərbaycanın əlindədir. Hadisələr yalnız bizim diktə etdiyimiz formada inkişaf edəcək. Ermənilər ya kəndləri boşaldacaqlar, ya da hadisələrin sonrakı inkişafına, öz ordularının necə məhv olmasının şahidi olacaqlar”.

Turan Rzayev
Globalinfo.az