İranın casus şəbəkəsinin gizli üzvləri: DİN növbəti əməliyyatda bu şəxsləri də həbs edəcək

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının İran casus şəbəkəsinə qarşı keçirdikləri xüsusi əməliyyat tədbirləri zamanı 39 nəfər saxlanılıb. Saxlanılanlar arasında “Salamnyus” informasiya agentliyi və “İnteraz” telekanalının rəhbəri “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov da var.

İran casus şəbəkəsinə qarşı əməliyyatların davam etdiriləcəyi ehtimal edilir. Hətta şəbəkənin müxtəlif sahələrdə olan uzantılarının, daha dəqiq desək məmur, siyasilərin də həbsi gündəmədir.

Maraqlıdır, bu prosesin davamı kimi daha hansı əməliyyatlar keçirilə bilər?

Mövzunu Globalinfo.az-a şərh edən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib ki, DİN-in İran casus şəbəkəsinə qarşı keçirdiyi genişmiqyaslı əməliyyat çox ciddi məsələdir:

“Hesab edirəm, hətta bu proses gecikib. Bu birbaşa dövlətin təhlükəsizlik məsələsidir. İranın casus şəbəkəsi isə ölkəmizi ciddi təhdid altında qoyurdu.

Fazil Mustafa

Hesab edirəm, bundan sonra da antiazərbaycan ünsürlərə qarşı mübarizə güclənməlidir. Prosesin əlbəttə ki, davamı olacaq. Çünki İranın casus şəbəkəsi müxtəlif adlar ilə cəmiyyətimizə sirayət ediblər. Bu şəxslər istər din xadimi, istərsə də meyxanaçı olsun, fərqi yoxdur, aşkarlanıb həbs edilməlidir.

Başqa bir dövlətin təbliğatının aparılmasına yol verə bilmərik. Qanunvericiliyimizdə də bu məsələ öz əksini tapıb. Hesab edirəm, bu işdə DİN-i hər kəs dəstəkləməli, öz üzərinə düşən işi görməlidir”.

Politoloq Qabil Hüseynli isə deyib ki, DİN-in keçirdiyi əməliyyat başlanğıcdır və prosesin ardı mütləq olacaq:

“Mövcud İran-Azərbaycan gərginliyi fonunda ölkədə fəaliyyət göstərən İran agenturasının kökünü yerli-dibli kəsmək lazımdır. Bu şəbəkə cəmiyyətimizə kənardan daxil edilən bir xəstəlikdir.

Qabil Hüseynli

İran maraqlarına xidmət edən, bu şəbəkənin üzvü olan hər kəs cəzasını çəkməlidir. İstisna deyil ki, keçirilən əməliyyatlar fonunda həbs edilənlər arasında məmur və siyasətçilər də olsun.

Burada məsələ kimin hansı vəzifədə olması deyil. Məsələ Azərbaycan milli maraqlarını İran maraqlarına satan sapı özümüzdən olan baltaların aşkar edilib sıradan çıxarılmasından gedir”.

Turan Rzayev
Globalinfo.az