
ABŞ-ın Azərbaycandakı son səfirinin səlahiyyəti ötən il iyul ayında başa çatıb. Daha sonra Vaşinqtondakı Milli Müharibə Kollecində çalışan Mark Libbinin Bakıya səfir kimi namizədliyi irəli sürülüb, geri çəkilib, sonra yenidən irəli sürülüb. ABŞ Dövlət Departamenti də yaxın zamanda bu şəxsin səfir kimi təsdiq olunmasını dəstəklədiyini deyib.
Artıq bir ilə yaxındır Vaşinqton Bakıya səfir göndərmir, amma sülh prosesində vasitəçi olmağa çalışır.
Səfir təyinatının gecikməsinin səbəbi nədir? Niyə məhz Mark Libbi?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Yeganə Hacıyeva Mark Libbinin namizədliyinin təsdiq edilməsinə müəyyən əngəllərin yaradıldığını bildirib:
“ABŞ prezidenti və administrasiyası bir ildən çoxdur Mark Libbinin Azərbaycanda səfir təyin edilməsində israr edirlər. Bayden keçən il iki dəfə və 2023-cü il üçün ilk sessiyası günü Senatda yenidən Azərbaycanda səfir kimi Libbinin namizədliyini irəli sürüb.
Xatırlatmaq istəyirəm ki, Libbi Konqresin 2022-ci il üçün son sessiyasında namizədliyi təsdiq edilməyən 175 səfir namizəddən biri idi. Bu 175 nəfərdən cəmi 85-nin namizədliyi Ağ Ev tərəfindən təkrar təqdim edilmişdi. Hazırda Vaşinqtonda Milli Hərbi Kollecdə fakültə müşaviri olan Libbinin Azərbaycana səfir vəzifəsinə namizədliyi Bayden tərəfindən 25 may 2022-ci il tarixində irəli sürülüb. Ancaq Mark Libbi bir ildir ki, senatda erməni lobbisinin ruporu Bob Menendesin rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsində dinləmələrə dəvət edilmir.
Deməli, səfirin dinləmələrə dəvət edilməməsi həm onun təyinatını, həm də senatorlar Marko Rubio, Ceyms Riş, Rob Portman və Ron Consonun Senata ünvanladığı müxtəlif əhəmiyyətsiz məsələlərlə bağlı məktubları əngəlləyir”.
Yeganə Hacıyeva
Y.Hacıyeva erməni lobbisinin təşəbbüsü ilə bənzər vəziyyətin əvvəllər də yaşandığını bildirib:
“Xatırladım ki, Mark Libbi ABŞ-ın Avropa İttifaqındakı səfirinin müavini, habelə Varşava, Nikosie və Bağdadda diplomatik missiyalarda siyasi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. Libbi Vaşinqtonda Dövlət Departamentinin Əməliyyatlar Mərkəzinin direktor müavini, Mərkəzi Avropa üzrə İdarənin direktor müavini, Cənubi Avropa üzrə İdarənin direktoru vəzifələrində işləyib. Erməni lobbisi Azərbaycana səfir təyinatında həmişə dirəniş göstərir.
Bir qayda olaraq, ABŞ səfirlərinin təyinatı məsələsi xüsusilə mübahisəli deyil. Bu, müəyyən maraq qruplarının az iştirakı ilə ümumi prosedurdur. Lakin Azərbaycanda səfir postuna namizəd irəli sürülən şəxslərin məsələsində daha çox mübahisə yaranır. Nümunə üçün qeyd edim ki, daha öncə Brayzanın təyinat məsələsi də çox uzanmışdı. Amma bu ona görə baş vermişdi ki, ABŞ-dakı və xaricdəki erməni icmasının bəzi üzvlərinin fikrincə, Brayzanın azərbaycanlılar və türklərlə çox yaxın qohumluğu var. Lakin Azərbaycanla heç bir əlaqəsi olmayan Libbinin məsələsində də erməni lobbisinin güclü müqaviməti göstərir ki, bu lobbi Azərbaycana səfir təyinatının ləngidilməsi ilə iki tərəfli münasibətləri korlamağa can atır”.
Politoloq bildirib ki, burada əsas məqsəd iki ölkə arasındakı münasibətləri pisləşdirməkdir:
“Erməni lobbisinin güclü müqavimətindən başqa, eləcə də digər qrupların əhəmiyyətli dəstəyinin olmaması onun namizədliyinin təsdiqlənməsini ləngidə bilir. Prosedurun gecikdirilməsi və ya səfirin namizədliyi ilə bağlı razılaşmamaq ölkələr arasında münasibətləri pisləşdirmək iradəsinin nümayişi hesab olunur. Həmçinin diplomatiyada səfir təyinatı üçün dinləməyə dəvət olunmaması, agraman verilməməsi və s. kimi səbəblərlə prosesinin gecikdirilməsi namizəd üçün alçaldıcı hal kimi qəbul edilir”.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti 2022-ci ilin iyul ayında başa çatıb.
Ayşən Mustafa
Globalinfo.az














