Paşinyan “əzəli erməni ərazilərindən” vaz keçdi – Sülhə hazırlıq

Nikol Pashinyan 44 scaled 1

Ermənistan Baş naziri Nikol Paşinyan Çexiya qəzetinə müsahibəsində Türkiyə və Azərbaycanla münasibətlərin bərpa edilməsinə toxunub və bunun İrəvan üçün vacib olduğunu deyib. Lakin bəzi məsələlərin buna imkan vermədiyini bildirib. Əslində, baş nazirin Azərbaycan və Türkiyə ilə münasibətlər barədə vizionu çox geniş və praqmatik görünür. Bugünlərdə Ağrı dağı haqda demişdi ki, məlum iddialardan əl çəkmək lazımdır. O, hər fürsətdə bu istiqamətdə ona mane olunduğunun mesajını verir, amma Qarabağ, Ağrı dağı, Azərbaycan və Türkiyə ilə bağlı mövqeyində qalır.

Paşinyanın bu mövqeyi səmimidir və sülh üçün yetərlidirmi? Erməni cəmiyyəti baş nazirlə eyni mövqedədir, yoxsa başqa qüvvələr ictimai rəyi manipulyasiya edərək, “Paşinyan xətti”nə qarşı qoyur?

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli mövzunu Globalinfo.az-a  şərh edərkən bildirib ki, Nikol Paşinyan erməni xalqını Azərbaycanla sülhə hazırlayır:

“Baş nazir Nikol Paşinyanın Ermənistanın hazırkı vəziyyətində günahkar olub-olmaması ilə bağlı məsələ tez-tez müzakirə edilir. Əslində, Paşinyan Azərbaycanın qalib hərbi gücü qarşısında ciddi davranış pozuntusu yaşayır. Bakının qalibiyyət üzərindən diktə etdiyi hərbi-siyasi baxış və 10 Noyabr kapitulyasiyasının icra edilməsi, bəzən onu öz cəmiyyəti qarşısında çıxılmaz vəziyyətə salır. Məsələn, danışıqlar prosesində səsləndirdiyi fikirləri daha sonra olduğu kimi deyil, alternativini gündəmə gətirməyə, erməni cəmiyyətinin diqqətini fərqli istiqamətə yönləndirməyə çalışır.

Hər dəfə sülh prosesindən, münasibətlərin normallaşmasından danışılsa da, reallıq fərqlidir. İrəvan müzakirələrdəki sülh istəyini sərhəddə nümayiş etdirmir. Bunun əsas səbəbi erməni cəmiyyətində siyasi yekdilliyin olmamasıdır. Bununla yanaşı məğlub erməni cəmiyyəti psixoloji olaraq sülh müqaviləsinə hazırlanır. Hər dəfə təxribat törədilir, Ermənistan cəzalandırılır. Nəticədə Nikol Paşinyan bu toqquşmalardan erməni cəmiyyətinin sülh razılaşmasına hazırlığı üçün ciddi təzyiq vasitəsi kimi istifadə edir. O, real güclərinin olmadığını, Azərbaycan və Türkiyə ilə ömür boyu düşmən münasibətində qalmağın özlərinin zərərinə çevrildiyini xalqına qəbul etdirməyə çalışır. Bütün bu məqamlar da onun prosesdə ciddi irəliləyişə nail olması, konkret addımlar atmasına mane törədir”.

“Ermənistanda daxili birlik yoxdur. Ordu başqa qüvvələrə bağlıdır, Müdafiə Nazirliyi və Baş nazir aparatı ayrı qüvvə kimi çıxış edir. Həmçinin xarici dairələrə işləyən müxalifət, separatçılar, revanşistlər də var. Belə mürəkkəb vəziyyətdə Nikol Paşinyanın siyasi stabilliyini qoruması çətindir”, – Ə.Əlibəyli bildirib.

Qeyd edək ki, sülh prosesi ilə bağlı mayın 19-da Moskvada iki ölkənin xarici işlər nazirlərinin görüşü gözlənilir.

Ayşən Mustafa
Globalinfo.az