“Ermənistan Soçi görüşündə umduğu bir çox şeyə nail ola bilmədi” – üçlü görüşə üç RƏY

“Ermənistan Soçi görüşündə umduğu bir çox şeyə nail ola bilmədi” - üçlü görüşə üç RƏY

Soçi görüşü hazırda dünya mediasının mərkəzi mövzularındandır. Avropa İttifaqının təşkil etdiyi üçtərəfli görüşdən sonra Rusiyanın iki lideri bir araya gətirməsi bu dəfə də ciddi maraq doğurub.

İlham Əliyevlə Paşinyanın bundan əvvəlki görüşü Çexiyanın paytaxtı Praqa şəhərində baş tutmuşdu. Oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Fransa prezidenti Makronun iştirakı ilə liderlərin reallaşan görüşündən sonra bir çoxları deyirdi ki, Rusiya bu görüşə Ermənistan-Azərbaycan sərhədində təxribat törətməklə qarşılıq verəcək. Lakin bu proqnozlar doğrulmadı. Putin Qərblə Cənubi Qafqaz uğrunda yarışırmış kimi növbəti görüşü təşkil etdi. Xatırladaq ki, bundan əvvəl də oxşar proseslər baş verib.

Görüş Rusiya, Azərbaycan və Ermənistan mətbuatında da qaynar müzakirələrə səbəb olub. Putinin moderatorluğu ilə keçən üçlü görüş Azərbaycan ictimaiyyətində, mediasında, sosial şəbəkələrdə bir saylı mövzu kimi müzakirəyə çıxarılıb.

Liderlərin üçtərəfli görüşünün yekunları ilə bağlı Soçi bəyanatı qəbul olunub. Maraqlıdır, Soçi görüşü və qəbul edilən bəyanat rəsmi Bakının maraqlarına uyğundur?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, istər Soçi görüşünü, istərsə də görüşün yekunlarına dair qəbul edilən Soçi bəyanatını Azərbaycan üçün uğurlu hesab etmək olar.

 

“Ermənistan Soçi görüşündə umduğu bir çox şeyə nail ola bilmədi” - üçlü görüşə üç RƏY

“Hesab edirəm, Ermənistan ilə Azərbaycan arasında hələlik yekun sülh müqaviləsindən danışmaq tezdir. Düzdür, görüş öncəsi yekun sülh müqaviləsinin imzalanmasına ümidlər artsa da bunun olmayacağı bəlli idi. Hazırda həllini gözləyən bir çox problem var və bu problemlər aradan qalxmadan yekun sülh müqaviləsindən danışmaq tezdir.

Bəyanata gəldikdə isə deyə bilərəm ki, Ermənistan umduğu bir çox şeyə nail ola bilmədi. Misal üçün Soçi görüşündən öncə Ermənistan Baş naziri Nikol Paşinyan 12-13 sentyabr döyüşlərini, “status” məsələsini Soçi bəyanatının mətninə salmağı düşünürdü. Lakin bunların heç birinə nail ola bilmədi. Ölkə başçısı İlham Əliyev Vladimir Putin ilə ikitərəfli görüşdə açıq şəkildə bəyan etdi ki, Qarabağ Azərbaycanın daxili məsələsidir.

Soçi bəyanatında 1991-ci il Alma-Ata Protokoluna istinad edilməsini isə diplomatik uğur kimi qiymətləndirmək olar. Çünki bu protokola görə, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar”.

Deputat Vüqar Bayramovun sözlərinə görə isə Soçi görüşü Azərbaycan diplomatiyasının yeni uğurudur:

“Ermənistan Soçi görüşündə umduğu bir çox şeyə nail ola bilmədi” - üçlü görüşə üç RƏY

“Hesab edirəm Soçi görüşündə tərəflər Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində vahid yanaşma sərgiləyə bildi. Yəni istənilən anlaşma yalnız ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. İndiki məqamda bunu Ermənistanın qəbul etməsi mühüm nailiyyətdir.

Soçi görüşündə tərəflər sülhün əldə edilməsi yollarını da müzakirə etdilər. Burada əsas diqqətçəkən məqam isə şübhəsiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi “artıq münaqişə yoxdur” ifadəsidir. Prinsip etibarilə bu belədir. Münaqişə 2 il öncə həll edilib”.

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Soçi bəyanatında Praqa bəyanatında əksini tapan məqamın “bütün problemli məsələlər BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsinə uyğun həll etmək” təkrar vurğulanması diqqət çəkir:

“Ermənistan Soçi görüşündə umduğu bir çox şeyə nail ola bilmədi” - üçlü görüşə üç RƏY

“Ermənistan Alma-Atı bəyannaməsinin üzərində “iki ölkə ərazi bütövlüyünü 1991-ci ildə qarşılıqlı tanıyıb” iddiasını davam etdirmək, “sərhədi SSRİ dağılanda mövcud inzibati xətlərlə müəyyən etmək”, “Qarabağı hüquqi məsələ” kimi saxlamaq məqsədilə dayanır. Hesab edirəm, bu məqamın qeyd olunması Paşinyanı “nəticəsiz yola salmamaq” məqsədi də daşıya bilər.

Lakin “BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsi” qeydi ilə Bakı ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin önə çıxarılması, Brüssel formatının alternativ kimi qalması və sülh müqaviləsinə beynəlxalq zəmanətin əldə edilməsi hədəfinə də oynayır.

Bəyanatın yekun nəticəsi ərazi bütövlüyünün tanınması və Qarabağ məsələsinin arxa plana keçirilməsi baxımından Azərbaycanın maraqlarına uyğundur.

Turan Rzayev, Globalinfo.az