“Erkən nikahlarda məktəb direktorlarının da suçu var” – Ekspertdən həyəcan təbili

““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsinə görə, ölkəmizdə təhsil icbaridir. Bu o deməkdir ki, 1-ci sinifdən 9-cu sinfə kimi hər bir şagird davamlı olaraq dərs prosesində iştirak etməlidir”.

            Kamran Əsədov   

Bu sözləri Globalinfo.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Kürdəmirdə azyaşlı qızın dünyaya uşaq gətirərkən vəfat etməsi və bununla bağlı erkən yaşda nikah ətrafında cəmiyyətdə gedən müzakirələr haqda danışarkən deyib.

O, şagirdlərin dərsdən yayınmasının qanunvericiliyə zidd olduğunu bildirib:

“Təəssüf ki, bir çox direktorlar pul və ya digər maddi şeylər qarşılığında şagirdlərin dərsdə iştirakını təmin etmirlər. Düzdür, bu, bəzən şagirdlərin hazırlıq kurslarına getdiyi halda baş verir, amma biz bilirik ki, bölgələrdə, hətta Bakının bəzi kəndlərində, qəsəbələrdə uşaqlar təhsildən uzaqlaşdırılır və erkən nikaha cəlb olunurlar. Bununla bağlı profilaktik işlər görülməlidir.

Kürdəmirdə azyaşlı qızın dünyaya uşaq gətirən zaman vəfat etməsi ciddi hadisədir. Bu hadisə onun erkən yaşda nikaha cəlb edildiyini göstərir”.

K.Əsədov şagirdlərin davamlı olaraq dərsdə iştirak etməməsinin narahatlıq doğurduğunu deyib:

“Belə məsələlərə məktəblərdə ciddi nəzarət edilməlidir. Bəzən şagird 9-cu sinfi bitirdikdən sonra dərsə gəlmir. Yəni 9-cu sinfə qədər məktəblər icbaridir, daha sonra könüllü olaraq davam etmək mümkündür. Bütün hallarda isə 9-cu sinfə qədər şagirdlərin dərs prosesində iştirakını təmin etmək məktəb direktorunun, sinif rəhbərinin vəzifəsidir”.

Zaira Akifqızı, Globalinfo.az