“Ərindən boşanırsan, efirdə nə işin var?!” – Deputat hiddətləndi

Telekanallardakı verilişlərdə baş verən xoşagəlməz və neqativ hallarla bağlı dəfələrlə danışılmasına baxmayaraq, hələ də bir dəyişiklik yoxdur. Proseslərin gedişi deməyə əsas verir ki, cəmiyyətdə narazılıq yaradan proqramların yerinə daha sanballı verilişlərin olacağı gözlənilir. 

Bu verilişlərin kütləvi tamaşaçısı var. Bəs o tamaşaçıların zövqünə, dünya görüşünə uyğun nə kimi verilişlər hazırlanmalıdır? 

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı, yazıçı Aqil Abbas deyib ki, televiziya rəhbərləri yeni layihələr irəli sürməlidirlər. Deputatın sözlərinə görə, insanların narazılığına səbəb olan verilişlərin hansı proqramla əvəz edilməsi sual altındadır:

“Özəl televiziya kanallarına dövlət pul ayırmır, onlar da qalmaqallı, daha reytinqli verilişlər yayımlayırlar ki, baxış sayı çoxalsın, onlara reklam təklifi gəlsin və pul qazansınlar. Bəzən qalmaqal olan zaman mən də izləyirəm ki, görüm, həmin davanın sonu nə ilə bitəcək (gülür).

Bizim efirlərdəki layihə özlərinin deyil. Həmin verilişlər Türkiyə və Rusiyadan götürülüb. Bəzi layihələr var ki, ABŞ və Avropadan kopyalanıb. Baxıb daha yaxşı layihələr götürə bilərlər. Məsələn, İTV-ni misal çəkmək olar. Həmin telekanalda “Kim milyonçu olmaq istəyir”, “Sabaha saxlamayaq” və s. kimi baxımlı proqramlar var. Anlayıram, özəl televiziyadır, amma cəmiyyəti bu dərəcədə bezdirmək düzgün deyil. “CBC sport”un futbolla, ümumi idmanla bağlı layihələrini izləmək adama xoş gəlir. Demək ki, istəyəndə nəsə etmək olur. Ona görə də, gərək digər kanallar da istəsinlər”.

Aqil Abbas deyib ki, efirlər nəyi təqdim etsə, cəmiyyət də onu izləyəcək:

“Sən səviyyəli verilişlər təqdim et ki, insanlar da onu sevərək izləsin. Nə qədər boşanma, gəlin-qayınana davası, xəyanət xəbəri izləmək olar?! Özəl televiziyalarımız Respublika Prokurorluğunun, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və digər qurumların missiyasını öz üzərlərinə götürməyə çalışırlar. Ərindən boşanırsan, məhkəməyə müraciət et də, sənin efirdə nə işin var?! Özəl televiziyalar müğənniləri bir-biri ilə dalaşdırmaq yerinə şairləri, ədəbiyyata yaxın insanları deyişdirsələr, daha maraqlı olar. Müğənniləri boğuşdurmaqla iş getmir axı”.

Zaira Akifqızı
Globalinfo.az