Ərdoğanla Putinin görüşü haqda kritik proqnoz – Razılığa gəlməsələr…

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin gözlənilən görüşünün çox geniş regional konteksti var”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, Ərdoğan-Putin müzakirələrinin gündəliyi zəngindir, birinci prioritet təbii ki, Ukrayna münaqişəsi, onun həll yolları ilə əlaqəli məsələlərdir:

“Digər prioritetlərin bazası Ukraynadakı münaqişənin doğurduğu risklərə, bunun oyunçuların qlobal və regional tərəzidəki çəkilərinə göstərə biləcəyi təsirlərə söykənir.
Ərdoğanla Putinin görüşünün gərgin keçəcəyini söyləmək olar, o mənada ki, müzakirə portfelindəki siyahı genişspektrlidir. Bu, bütün detallar üzrə razılaşma əldə edilməsini çətinləşdirir, ancaq nəzərə almaq lazımdır ki, Ərdoğanın inandırıcılıq gücü yaxşı işləyir və o, Putini bir sıra konseptual yanaşmalarda qismən də olsa yola gətirə bilər.

Aqşin Kərimov

Afrikada qızışan strateji hisslər, Çinin yüksələn nüfuzu, Suriya üzrə planlar, Cənubi Qafqazdakı hərəkətlilik, Rusiya ilə Türkiyənin bu proseslərin arasında müştərək mövqe tərtib etməsini aktual edir.

Ukraynadakı münaqişənin həlli üzrə Ankaranın səyləri tək bir ox üzərindəki fırlanan hadisələri deyil, müxtəlif oxlar üzərində hərəkət edən proseslərə münasibəti də özündə əks etdirir”.

Ekspert vurğulayıb ki, Ərdoğanın vasitəsilə Rusiya ilə Ukrayna arasındakı “Taxıl sazişi”nin bərpasına inam var, lakin Moskva bunu Afrika kontekstində yüksəltməkdə israrlı görünür:

“Əgər Ərdoğan taxıl sazişinin yenilənməsinə nail olsa, Türkiyə ilə Rusiyanın Afrikadakı hadisələrdə şəriklik dərəcəsi yarana bilər. Liderlərin müzakirə edəcəyi digər mövzu Cənubi Qafqazdır, burada Azərbaycan-Ermənistan gündəliyinin regionda doğurduğu rəqabət, bunun Zəngəzur dəhlizi layihəsi çərçivəsindəki qiymətləndirmələri aparılacaq.

Ərdoğanla Putin müzakirələrdə Türkiyənin Qərblə istiləşən münasibətlərinin Ankara-Moskva əlaqələrindəki balansı pozmaması üçün razılıq əldə edə bilərlər.
Bu, əhəmiyyətli faktordur, əks təqdirdə, yəni Ərdoğanla Putin Türkiyə-Rusiya arasındakı rəqabətli sahəni genişlətsələr, regiondakı hərarət qalxa bilər”.

Turan Rzayev
Globalinfo.az