Ərdoğanla Putinin ehtimal Bakı görüşü ilə bağlı mühüm detal açıqlandı

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi gözlənilir. Lakin bu görüşün nə məkanı, nə də zamanı hələlik bəlli deyil. İki ölkə rəsmiləri görüşlə bağlı detalları müzakirə edir. Təfərrüat açıqlanmır”.

Bu sözləri Globalinfo.az-a politoloq Ramiyə Məmmədova bu ayın sonlarında Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Bakıda görüşə biləcəyinə dair yayılan informasiyanı şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırda Rusiya ilə Türkiyə arasında münasibətlərdə soyuqluq hiss olunur:

“Xüsusilə bu soyuqluq Türkiyənin Azov komandirləri Ukraynaya geri qaytarması fonunda yarandı. Bundan başqa Rusiyanın “Taxıl sazişin”dən çıxması və Ankaranın təkliflərinə müsbət reaksiya verməməsi də bu soyuqluğu artırıb.

Rusiya-Türkiyə münasibətlərinin soyumasından ən çox ABŞ razıdır. Rəsmi Vaşinqton bu soyuqluğun dərinləşməsi və gərginlik sferasına keçməsi üçün əlindən gələni edir. Misal üçün, Bayden-Ərdoğan danışıqlarında F-16-lar ilə bağlı razılığın əldə edilməsi də bu baxımdan diqqət çəkir.
Lakin bütün bunlara baxmayaraq Ankara ilə Moskvanın bir-birinə ehtiyacı var.

Türkiyə başa düşür ki, nə Yaxın Şərqdə, nə Cənubi Qafqazda, nə də Ukrayna məsələsində Rusiyanı yox saymaq olmaz. Bu baxımdan Türkiyə Rusiya ilə münasibətlərdə balansı qorumağa səy göstərir”.

Ramiyə Məmmədova

Politoloq liderlərin ehtimal görüş yeri kimi Bakının adının hallanmasına münasibət bildirib:

“Prinsip etibarilə bunda qeyri-adi bir şey yoxdur. Bakı hər il onlarla beynəlxalq tədbirə, konfransa ev sahibliyi edir. Bundan başqa Azərbaycan həm Rusiya, həm də Türkiyə ilə yüksəksəviyyəli münasibətlər malikdir. Hətta deyərdim iki liderin görüşməsi üçün ən uyğun yer Bakıdır.

Əgər bu gerçəkləşərsə, Bakıda müzakirə ediləcək mövzulardan biri də şübhəsiz Ermənistan-Azərbaycan münasibətləri və Qarabağ məsələsi olacaq”.

Turan Rzayev
Globalinfo.az