Səfirliyimizə hücumda diqqətdən qaçan məqam – VİDEO

***11:30

“Bu, İran dövlətini mənfisinə yazılır, çünki sənin ərazində başqa dövlətin səfirliyinə hücum edilir və mühafizəçi öldürülür. Deməli, sən Azərbaycan dövlətinin səfirliyini lazımi səviyyədə qoruya bilməmisən, qorumaq istəməmisən”.

Bu sözləri politoloq Əhəd Məmmədli Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Globalinfo.az-a danışarkən deyib.

“Fikrimcə, bu, İran hakimiyyətində oturan qüvvələrin sifarişidir. Demirəm, sifariş Xameneidən və ya Rəisidən gəlib, amma düşünürəm ki, İran hakimiyyətinin başında olan insanların bir qisminin bu hücumdan xəbəri olub.

Bilirsiniz, İran və Azərbaycan rəsmiləri arasında danışıqlar gedirdi. Ola bilsin, bu, yumşalmanın qarşısını almaq üçün edilən hücum idi. Burada İranla Azərbaycanın münasibətlərinin normallaşmağa doğru getməsini istəməyən üçüncü dövlətin də əli ola bilər. Ermənistan və ya başqa dövlət…”

Ekspert bildirib ki, bu hücum Azərbaycan-İran münasibətlərinə, İsraildə səfirliyimizin açılmasına, Azərbaycan və Türkiyə yaxınlaşmasına, Türk Birliyin mövzusunun gündəmə gətirilməsinə, Zəngəzur dəhlizin açılmasına və s. kimi bir çox şeyə cavab ola bilər:

“Amma Azərbaycanın da İrana cavab vermək imkanları var. Biri də milli məsələdir. Əgər Azərbaycan İrana cavab verməyə başlasa, düşünürəm ki, bu, İran üçün mənfi nəticələr verəcək.

Hesab edirəm, Azərbaycan və İran dövlətləri münasibətlərin gərginləşməsinə doğru getməyəcək, amma təbii ki, bir-birilərinə sualları olacaq. Ən azı Azərbaycan xalqı İrandan bir az da uzaqlaşacaq, daha neqativ münasibət yaranacaq”.

Gülnar Səlimova
Globalinfo.az