Ərdoğanın Yunanıstana tarixi səfəri – Geosiyasi vəziyyət dəyişir?

“Yunanıstanla Türkiyə arasında vəziyyət gərgin olaraq qalır. Yunanıstan Amerika Birləşmiş Ştatlarının təhriki ilə Türkiyəyə Şərqi Aralıq dənizində mane olmağa çalışır”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana baş tutacaq səfərini şərh edərkən deyib.

O, bildirib ki, Türkiyə bu gərginliyin yaranmasında maraqlı deyil və Yunanıstanla münasibətləri normallaşdırmağa çalışır:

“Amma ABŞ-ın məqsədi Yunanıstan vasitəsilə Türkiyəni quru sərhədlərə həbs etməkdir. Yunanıstan-la Türkiyə arasında hərbi toqquşma baş verəcəksə, bu, əsasən hava döyüşləri vasitəsilə olacaq.

Əli Zülfüqaroğlu

Yunanıstanın hava qüvvələri gücləndirilir və hava döyüşlərində Türkiyədən üstün olacağına inandırılıb. Türkiyəyə ABŞ tərəfindən F-16 döyüş təyyarələrin satılmaması da məhz Türkiyəyə qarşı Yunanıstanın daha üstün mövqeyə gətirilməsi və istifadə olunmasına xidmət edir.

Bu gün Türkiyənin Almaniyadan qırıcı təyyarələr almaq üçün fəaliyyətə başlaması mümkün hərbi toqquşma riskləri ilə bağlıdır. Hesab edirəm ki, Yunanıstanın Türkiyə ilə münasibətləri normallaşdırmasına Vaşinqton tərəfindən izin verilməyəcək və bölgədə təhdidlər qalmaqda davam edəcək. Ukraynadan sonra Yaxın Şərq, Ermənistan və Yunanıstan geosiyasi böhranın dərinləşdirilməsi üçün eyni güclər tərəfindən alət kimi istifadə olunurlar”.

Turan Rzayev
Globalinfo.az