Ərdoğanın Körfəz səfərinin gizli səbəbi – Bakıdan yeni gözlənti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz regionunun ərəb ölkələrinə turneyə çıxıb. Səfər çərçivəsində onun Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə getməsi nəzərdə tutulub.

Ərdoğanın indiki məqamda bu ölkələrə səfər etməsi diqqət çəkir. Bəzi ekspertlər bu səfəri Türkiyə-ərəb ölkələri münasibətlərinin normallaşmasına xidmət edəcəyini düşünür. Səfərin İran körfəzi ölkələri arasında gərginlik fonunda baş tutması diqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Türkiyə Körfəz bölgəsində çoxtərəfli əməkdaşlıq və rəqabət mühitində özünə yeni nəfəsliklər açmaq çağırışı ilə rastlaşır:

“Ankara həmin zolaq üzrə bir nömrəli çağırışları icra etmək üçün təkcə siyasi-iqtisadi münasibətləri deyil, Türkiyə ilə Körfəz ölkələrinin ərəb oxunda xalqlararası, mədəni əlaqələri format edərək nəhəng institusional meyarlar formalaşdırmalıdır.

Regionda geosiyasi rəqabətin şiddətlənməsi gözləniləndir, lakin əsasən Türkiyə və İran bir-birilə ideoloji müstəvidə mübarizə aparacaqlar. Çünki Türkiyə dünyəvi dövlət olsa da, islam amili onun geosiyasətinin ideoloji yüklərindən birini təşkil edir. Ankaranın din faktoru üzrə strategiyası bir məzhəbin şişirdilib, digərlərinin kölgədə qoyulması təəssübkeşliyinə söykənmir. Bununla belə, Türkiyənin ideoloji tutumu İranın siyasiləşən şiəlik hərəkatına qarşı orbitdə qərarlaşır. Məntiqi cəhətdən belə fikrin yaranmasına əsas var ki, Körfəz regionunda Türkiyənin artan nüfuzu İranın bölgədə şiələr üzərindəki manipulyasiyalarını tarazlaşdıra biləcək bazaya sahibdir”.

Ekspert hesab edir ki, Ərdoğanın region turuna çıxmasının nəticələri Türkiyənin xarici siyasətindəki tətbiqlərə və əxz etdiyi təcrübələrə yeniliklər gətirə bilər:

“Başqa bir məqam Ərdoğanın regiona səfərindən sonra Şimali Kipr Türk Respublikasına gedəcəyidir. Bununla Ankaranın müzakirə masasında ortaya qoyacağı məsələlərdən biri də aydınlaşır.
Körfəz ölkələrindən Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt və Bəhreyndə Şimali Kiprin nümayəndəlikləri fəaliyyət göstərir. İndi Ankara üçün ən vacib prioritetlərdən biri Şimali Kiprin müstəqilliyinin tanınmasıdır. Deməli, Ərdoğan Cənubi Qafqazda Azərbaycandan, Körfəz regionunda isə ərəb ölkələrindən həmin prizma üzrə gözləntilərini paralel şəkildə ortaya qoyur.

Aqşin Kərimov

Ərdoğanın Körfəz turundan sonra Şimali Kiprə yolunu salması aparılan müzakirələrin perspektivini dəqiqləşdirməyə kömək etmək məqsədləri daşıyır və yaxın zamanda proqnozlaşdırmaq olar ki, Azərbaycanla da eyni məzmunlu danışıqlar aparılsın”.

Turan Rzayev
Globalinfo.az