Ərdoğanın gedişi Türkiyə, Azərbaycan və Türk dünyası üçün niyə fəlakət hesab edilir? – ŞƏRH

Ərdoğanın gedişi Türkiyə, Azərbaycan və Türk dünyası üçün niyə fəlakət hesab edilir? - ŞƏRH

Türkiyədə prezident və parlament seçkiləri yaxınlaşdıqca Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə qalıb-qalmayacağı mövzusu yenidən gündəmə gəlməkdədir.

Xüsusilə sosial şəbəkələrin Azərbaycan seqmentində bu mövzu ciddi şəkildə müzakirə edilir. Bəziləri elə düşünür ki,  Ərdoğandan sonra Türkiyədə iqtidara gələcək istənilən qüvvə onun qədər Azərbaycana dəstək verməyəcək, onun qədər müstəqil olmayacaq, onun qədər Qərbin qarşısından qaçmayacaq. Bəzi ekspertlər məhz buna görə Ərdoğanın iqtidarda qalmasını Türkiyə, Azərbaycan və türk coğrafiyası üçün vacib olduğunu qeyd edir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan regional və qlobal miqyasda tanınan, hörmət edilən bir liderdir:

“Onun ölkəsi üçün etdikləri misilsizdir. Xüsusilə qeyd etmək yerinə düşər ki, Ərdoğan 1999-cu ildə Türkiyədə baş vermiş zəlzələdən sonra hakimiyyətə gəldi və sonrakı illərdə hakimiyyətini möhkəmləndirə bildi.

Bir müddət öncə Türkiyədə baş verən dəhşətli zəlzələ Türkiyə üçün həm dağıntılar baxımından, həm də insan itkisi baxımdan ciddi zərbə oldu. Əlbəttə ki, bu hadisə Ərdoğanın hakimiyyətinə təsirsiz ötüşməyəcək. Hətta artıq bu istiqamətdə fəaliyyətlərin də şahidi oluruq. Bu da anlaşılandır.

Ərdoğan faktiki olaraq bütün ali platformalarda yeni və dövrün reallıqlarını əks etdirən cəsarətli arqumentlə çıxış edir. Misal üçün, onun məşhur “Dünya beşdən böyükdür” tezisi faktiki olaraq BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə açıq mesajdır. Bu həm də qlobal nizamı təşkil edən dövlətlərə, beynəlxalq güclərə qarşı olan bir etirazdır.

Regional müstəvidə isə Türkiyə Cənubi Qafqazda, Yaxın Şərqdə, Şimali Afrikada, Şərqi Aralıq dənizi regionlarında kifayət qədər nüfuz sahibi bir ölkəyə çevrilib. Onu da qeyd edim ki, Türkiyə NATO-da say tərkibinə görə ikinci böyük orduya malik olan bir dövlətdir. Türkiyə faktiki olaraq NATO üstü bir hərbi potensiala malikdir”.

Ərdoğanın gedişi Türkiyə, Azərbaycan və Türk dünyası üçün niyə fəlakət hesab edilir? - ŞƏRH

İlyas Hüseynov

Politoloqun sözlərinə görə, Türkiyə Milli müdafiə sənayesi “Bayraqdar”, “Akıncı” kimi dövrün ən qabaqcıl və müasir PUA-larını istehsal edir:

“Bir çox ekspert qeyd edir ki, Türkiyə artıq müasir hərb sənayesini süni intellektlə bir araya gətirən ixtisaslaşmış ölkədir. Bütün bunlar məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iqtidarı dövründə baş verib.

Azərbaycana gəldikdə isə biz heç bir zaman Ərdoğanın ərazi bütövlüyümüzü dəstəkləməsini unuda bilmərik. BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinin icra edilməməsi məsələsində də Ərdoğan hər zaman öz etirazını bildirib.

Bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixinin ən yüksək səviyyəsinə gəlib çatıb. Bunun bir digər göstəricisi də şübhəsiz iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsidir.

İki ölkə münasibətləri bir yana, bu gün dövlət başçıları səviyyəsində də möhkəm dostluq, səmimi qardaşlıq münasibətləri var. Böyük ölçüdə bu sadalanan faktlar ikitərəfli münasibətlərin əsas vektorlarını müəyyənləşdirir. Ona görə də düşünürəm ki, Ərdoğanın qlobal düşüncəsi türk dünyası arasında bağların formalaşması, milli identiklik, milli təhtəlşüurun təşəkkül tapması fonunda vacibdir”.

Turan Rzayev
Globalinfo.az