Ərdoğanın kritik Bakı səfəri: çantasında görün nələr var – ŞƏRTİ SİYAHI

“Türkiyə liderinin Azərbaycana səfəri geosiyasi tarazlıq aktındakı Bakı-Ankara strateji müttəfiqliyinin yerini təyin etməkdən ötrü vacibdir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan regional və qlobal güclərin regional məsələlərdə daha çox rol, xarici və təhlükəsizlik siyasətlərində muxtariyyət, beynəlxalq məsələlərdə daha böyük status tələb etməsi fonunda risklərin strateji hesablamalarını aparmalıdır:

“Türkiyədəki prezident seçkisinin nəticələrindən sonra Ankara əvvəlki illərdəkindən də aktiv fərqləndirici xüsusiyyətlərlə siyasət meydanında iştirakını davam etdirməlidir. Rusiyanın Ukraynadakı işğal siyasəti, Çin-ABŞ münasibətlərindəki gərilmə, İranla bağlı beynəlxalq həmlələr, Yaxın Şərqdə iplərin həssaslaşması, Çinin Tayvana müdaxilə ehtimalı və sair məsələlər birbaşa və dolayı yolla Bakı-Ankara birgə maraqlarının cəmləşdiyi regionlara təsir edir.

Aqşin Kərimov

Türkiyə regional statusunu qlobal əhəmiyyətlə nəticələndirməlidir, bunun üçün Azərbaycanla birgə yola çıxmaq zərurətləri var. Bu, qarşılıqlı strateji müdafiədir, Azərbaycanla Türkiyənin müştərək müdafiə mexanizmlərini yaradır”.

Ekspert deyib ki, Ərdoğanla İlham Əliyev qlobal nizamda struktur dəyişikliklərinin tərkib hissəsi olan Cənubi Qafqazda baş verənlərin perspektivinə toxunacaqlar:

“Zənnimcə, hazırda nəhəng güclər proksi qüvvələrdən istifadə hallarına daha çox üstünlük verirlər. PKK da hibrid vasitədir, lakin Türkiyə onun Suriya və İraqda çırağını söndürmək niyyətindədir.
Ərdoğan növbəti illərdə PKK-nı tamamilə məhv etmək planlarına malik ola bilər. Ancaq Ankaraya qarşı cəbhələri genişlətmək üçün PKK amilinin Cənubi Qafqazda da iştirakına yol açmaq istəyənlər ola bilər. Bu məntiqli görünürsə, o zaman Azərbaycanla Türkiyə PKK-ya qarşı mübarizə koordinasiyasını qurmağı hədəfləyir.

PKK-nı kürdlərin müqavimət hərəkatı kimi qələmə verənlər var, lakin bu bütövlükdə kürdlərin mübarizəsi kimi təsnif edilə bilməz. Hər halda, regionda kürd kartı ilə oyun qurmaq lazımdır, mən düşünürəm ki, Türkiyə PKK-ya qarşı mübarizədə istədiklərinə çatsa, alternativ bir hərəkat yaradacaq. Bu məsələ İranla bağlı da aktuallıq qazanır, ona görə də Türkiyənin həmin siyasətini Azərbaycan da diqqətlə izləyir”.

Turan Rzayev
Globalinfo.az