Ərdoğana qarşı yeni həmlənin anonsu verildi – Planı o şəxs qurub

Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə prezidenti seçilsə də, müxalifət cəbhəsi öz məğlubiyyətini həzm edə bilmir. “Millət İttifaqı”nın gözlənilən nəticəni əldə edə bilməməsinin ardınca bir sıra müxalif partiyalar yeni birliklər, koalisiyalar halında bir araya gəlir. Məsələn, Əhməd Davudoğlu bir neçə partiyanın birləşməsinin anonsunu verib. Söhbət Davudoğlunun sədri olduğu Gələcək, habelə “Millət İttifaqı”na daxil olan Demokrat, Səadət və DEVA Partiyalarından gedir.

Maraqlıdır, bu ittifaqın perspektivi varmı? CHP və İYİ Partiya olmadan bu dördlük hazırkı iqtidara rəqib ola bilər?

İlyas Hüseynov

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Türkiyədə Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qalib gəlməsi, AKP-nin parlamentdə say etibarilə çoxluq qazanması müxalifəti düşünməyə vadar edib:

“Millət İttifaqı” hər iki seçkidə qalib gələcəyini düşünürdü. Hətta Türkiyədə vəziyyətin dəyişəcəyi regional-qlobal siyasətin korrektə olunacağı mülahizələri də vardı. Lakin müxalifətin istəyi baş tutmadı. Onlara dəstək verən güclərin də planları alt-üst oldu.

Məhz bu hadisələrin fonunda bu gün Türkiyədə Ərdoğana qarşı yeni birliklərin, koalisiyaların qurulması başadüşüləndir. Onlar bu yolla iqtidara meydan oxuya biləcəklərini sanırlar. Lakin mən düşünmürəm ki, bu kimi birliklər, xüsusilə də seçkidən sonra nəyəsə nail ola bilsinlər. Türkiyə xalqı kifayət qədər demokratik bir seçkinin şahidi oldu, öz siyasi iradəsini göstərdi. Bu baxımdan müxalifətin ciddi nəsə edəcəyini düşünmürəm. Xüsusilə də CHP və İYİ kimi partiyaların iştirakı olmadan nəyəsə nail olmaq çətin məsələdir”.

Turan Rzayev
Globalinfo.az