Ərdoğana 1 şərt qoyan Əsədə 4 şərt

Ərəb ölkələri Suriya ilə münasibətlərin normallaşması üçün variant təklif ediblər.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb.

Məlumata görə, Əsədə barışıq təklifini Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ və Misir təklif edib.

Dörd dövlətin təklifinə əsasən, Əsəd Suriya müxalifəti ilə siyasi prosesi gücləndirməli, qaçqınların geri dönməsinə şərait yaratmalı, narkotik qaçaqmalçılığını dayandırmalı, İranın ölkədəki prosesdə iştirakını maksimum azaltmalıdır.

Bunun qarşılığında isə ərəb dövlətləri Suriyaya milyardlarla dollarlıq yatırımlar edəcəklərini vəd ediblər. Üstəlik, Dəməşq üzərindən Avropa ölkələrinin sanksiyalarının bir qisminin götürülməsi də nəzərdə tutulub.

Qeyd edək ki, bir qədər əvvəl Bəşər Əsəd Türkiyə Prezidenti R.T.Ərdoğanla görüş üçün şərtini açıqlamışdı. O, yalnız türk əsgərlərinin Suriyanın şimal hissəsindən çəkiləcəyi təqdirdə Türkiyə Prezidenti ilə görüşəcəyini demişdi.

İlkin Həsənov
Globalinfo.az