Putinə sözünü keçirə bilən əsas şəxs odur…

Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyədə verdiyi açıqlama gündəm olub. Belə ki, o, Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün nəticələrinə dair mətbuat konfransı zamanı maraqlı cümlə işlədib. Bildirib ki, o, türkiyəli həmkarına Rusiya tərəfindən həbs edilən ukraynalı əsir və məhbusların siyahısını verib.

Zelenski qeyd edib ki, onların arasında repressiyaya məruz qalan Krım tatarları da var. O qeyd edib ki, həbs edilən tatarların sayı getdikcə artır və hələ də onların Ukraynaya dönmələri üçün səylər nəticə verməyib. Zelenski Türkiyə Prezidentinin bu məsələdə yardım edə biləcəyinə ümid etdiyini vurğulayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Türkiyənin əsir dəyişdirmə məsələsində təcrübəsi böyükdür:

“Zelenski yaxşı bilir ki, Vladimir Putinin qarşısında sözünü keçirə bilən əsas lider məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.

Azov döyüşçüləri ilə bağlı məsələnin keçmişdən praktikası var. Həm də Krım tatarları Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. Zelenski bunu bildiyi üçün məsələni xüsusi vurğulayıb. Yaxşı bilir ki, Türkiyə bu məsələdə həssaslıq göstərəcək. Zelenskinin səfəri əslində uğurlu alındı deyə bilərik.

Ərdoğan müəyyən məsələlərdə onunla razılaşdı. Türkiyə əvvəldən Ukraynaya açıq dəstəyini ifadə edir. Ancaq hazırda Türkiyə və Rusiya arasında çox gözəl münasibətlər var. Bu əslində Ukraynaya da sərf edir. Çünki bu yolla Rusiya ilə körpü qura bilir. Münaqişənin həllində ən gözəl vasitəçiliyi Türkiyə edə bilər. Tərəflərin arasında atəşkəs müqaviləsi bağlamaq üçün də ən ideal yer elə İstanbul şəhəridir.

Çox güman ki, yaxında Rusiya tərəfindən Türkiyənin vasitəçiliyi ilə bəzi ukraynalı əsirlərin dəyişdirilməsinin şahidi olacağıq. Xüsusilə Krım tatarları ilə bağlı məsələ çox mühüm əhəmiyyət kəsb edir”.

Turan Rzayev
Globalinfo.az