Ərdoğan-Putin görüşü gərgin keçə bilər

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüş regionun gələcəyi baxımdan mühüm əhəmiyyət kəsb edir”.

Bu sözləri Globalinfo.az-a politoloq Tural İsmayılov iki liderin sentyabrın əvvəli keçirilməsi gözlənilən görüşü haqda deyib.

Onun sözlərinə görə, görüş zamanı bir çox aktual mövzular müzakirə ediləcək:

“Birincisi, görüş zamanı Rusiya-Türkiyə münasibtələrinin gələcəyi müzakirə edilə bilər. Nəzərə almaq lazımdır ki, iki ölkə arasında müəyyən narazılıqlar var. Bunların danışılıb həll edilməsi lazımdır.

İkincisi, Rusiya-Ukrayna müharibəsi də müzakirə ediləcək mövzulardandır. Xüsusilə tərəflərin qarşılıqlı hücumları intensivləşdirdiyi bir zamanda məsələ daha da aktuallaşıb.

Tural İsmayılov

Üçüncüsü, “Taxıl sazişi” də müzakirəyə ehtiyac duyulan mövzulardandır. Məsələ ondadır ki, Rusiya sazişdən çıxıb və hələlik geri qayıtmaq barədə düşünmür. Bu isə dünya miqyasında taxıl böhranı riskini artırır. Belə olan halda Ankara ötən il olduğu kimi, yeni bir sazişin imzalanmasını istəyir”.

Politoloqun sözlərinə görə, Rusiyanın Türkiyədən xahişləri olduğu kimi, NATO-nun da müəyyən istəkləri var:

“Görüş çətin bir geosiyasi situasiyada keçirilir. Xüsusilə NATO-nun Türkiyədən müəyyən xahişləri var. Söhbət Ankaranın Kiyev və Moskva arasında sülh prosesində vasitəçi olmasından gedir. Lakin Ankaranın vasitəçiliyi üçün Moskvanın da xahişləri yerinə yetirilməlidir. Bu baxımdan görüş gərgin atmosferdə keçə bilər”.

Turan Rzayev
Globalinfo.az