Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib. Liderlər Türkiyə-Ermənistan əlaqələri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan ikitərəfli ticarət və nəqliyyat sahələrində normallaşma prosesini dəstəklədiyini bildirib, əldə olunan müsbət dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayıb. Türkiyə Prezidenti ölkəsinin Azərbaycan və Ermənistan arasında sülh prosesində qarşılıqlı addımların atılmasını məmnuniyyətlə qarşıladığını bildirib.
Mövcud proseslər fonunda Ərdoğan-Paşinyan görüşü necə dəyərləndirilməlidir? Liderlər başqa hansı məsələləri müzakirə etmiş ola bilərlər?
Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan arasında 23 sentyabrda Nyu-Yorkdakı “Türk Evi”ndə baş tutan görüş, regional sülhün formalaşdırılması və iki ölkə arasında illərdir davam edən soyuq münasibətlərin normallaşdırılması istiqamətində mühüm diplomatik addımdır:
“Türkiyə prezidenti ilə Ermənistanın baş naziri arasındakı görüşün məhz Nyu-Yorkdakı “Türk Evi”ndə baş tutması həm diplomatik protokol, həm də regional siyasət baxımından xüsusi əhəmiyyət daşıyır. BMT Baş Assambleyasının sessiyası çərçivəsində reallaşan bu qəbulun bir neçə əsas səbəbi var. BMT sammitləri zamanı liderlər ikitərəfli görüşlərini çox vaxt öz ölkələrinin daimi nümayəndəliklərində və ya diplomatik binalarında keçirirlər. Bu kontekstdə Ərdoğan Paşinyanı qəbul edən tərəf qismində çıxış etdi. Görüşün “Türk Evi”ndə keçirilməsi Türkiyənin regional proseslərdəki moderator rolunu və diplomatik üstünlüyünü vizual olaraq da nümayiş etdirdi. Paşinyan hökuməti son dövrlərdə Rusiyanın təsir dairəsindən uzaqlaşaraq Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağı rəsmi dövlət proqramına çevirib.
Paşinyanın “Türk Evi”nə şəxsən gəlməsi, İrəvanın Ankara ilə ilkin şərtsiz dialoqa və iqtisadi-nəqliyyat əlaqələrini açmağa nə qədər sadiq və maraqlı olduğunu göstərən açıq mesajdır. Düşünürəm ki, görüşün əsas mövzularından biri Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları olub. Türkiyə, Cənubi Qafqazda daimi sülhün yaradılması üçün hər iki tərəfə birbaşa təsir göstərə biləcək əsas gücdür. Görüşün “Türk Evi”ndə neytral, lakin güclü bir platformada keçirilməsi regional sülhün məhz region ölkələrinin vasitəçiliyi ilə həll olunması mesajını daşıyır”.

Bakir Həsənbəyli
Politoloq bildirib ki, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən qapalı görüşün əsas səbəbləri olduğu kimi nəticələri də olacaq:
“Ankara və İrəvan arasında diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması və ticarət-nəqliyyat əlaqələrinin bərpası istiqamətində 2022-ci ildən başlayan xüsusi elçilər formatındakı dialoqun liderlər səviyyəsində dəstəklənməsi hər iki dövlət arasındakı münasibətlərin nizama düşməsində olduqca mühüm addımdır. Cənubi Qafqazda daimi sülhün əldə olunması üçün Bakı ilə İrəvan arasındakı danışıqların gedişatının müzakirəsində də Türkiyə Azərbaycanın maraqlarını nəzərə alaraq sülh müqaviləsinin imzalanmasını regional normallaşmanın əsas şərti kimi görür.
Regionda nəqliyyat və logistika xətlərinin, o cümlədən nəqliyyat dəhlizlərinin açılması xüsusilə regional bağlantını təmin edən genişmiqyaslı layihələrin və tarixi İpək Yolu üzərində yerləşən Ani körpüsünün birgə bərpası istiqamətində prosesin sürətləndirilməsi də, fikrimcə, müzakirə olunan mövzular arasında ola bilər. Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-biri ilə qarşılıqlı əlaqələrini inkişaf etdirmək istəkləri də müzakirə edilən mözular siyahısında ola bilər. Görüş mətbuata qapalı keçsə də, hər iki tərəfin rəsmi bəyanatlarına əsasən, düşünürəm ki, bəzi nəticələr əldə olunub. Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Ermənistan arasında ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini tam dəstəklədiyini və bu vaxta qədər əldə olunmuş müsbət tendensiyanın qorunub saxlanmasının vacibliyini bəyan etdi.
Liderlər Azərbaycan ilə Ermənistan arasındakı sülh danışıqlarında atılan qarşılıqlı addımları məmnuniyyətlə qarşıladıqlarını bildirdilər. Ərdoğan regionda formalaşan sülh mühitinin həm də Ankara-İrəvan xəttinə birbaşa müsbət təsir göstərəcəyini vurğuladı. Sərhəddə yerləşən tarixi Ani körpüsünün birgə bərpası üzrə işlərin davam etdirilməsi, biznes dairələri arasında əlaqələrin qurulması və iqtisadi-ticari bağların gücləndirilməsi zərurəti bir daha təsdiqləndi. Görüşün ən diqqətçəkən diplomatik nəticələrindən biri Ərdoğanın Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Zirvəsinə rəsmən dəvət etməsi oldu. Bu dəvət iki ölkə arasındakı dialoqun daha da institusionallaşdığını göstərir. Görüşün Cənubi Qafqazda çoxdandır gözlənilən daimi sülh sazişinə rəsmi Ankaranın verdiyi dəstəyi nümayiş etdirmək və Türkiyə-Ermənistan münasibətlərindəki soyuqluğu aradan qaldırmaq baxımından növbəti uğurlu diplomatik mərhələ rolunu oynadığını düşünürəm”.
Turan Rzayev
Globalinfo.az