Ərdoğan elan etdi: Netanyahu Türkiyəyə gəlir – Nələr müzakirə ediləcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahunun tezliklə Ankaraya səfər edəcəyini açıqlayıb.

O, Türkiyə və İsrailin bir çox sahədə əməkdaşlıq etdiyini vurğulayıb: “Yeni əməkdaşlıq sahələrinin olması da faktdır. Xüsusilə, Avropa Rusiya-Ukrayna müharibəsindən sonra konyukturanın təsiri ilə dayanıqlı enerji mənbələri axtarışındadır. İsrail öz resurslarını Avropaya nəql etməyə çalışır. Ən rasional yol bu resursları Türkiyə üzərindən Avropaya çatdırmaqdır” – Ərdoğan deyib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Türkiyə həmişə Azərbaycanın Ankara ilə Təl-Əvivi barışdırmaq səylərinə pozitiv yanaşıb:

Tural İsmayılov

“Türkiyə həmişə İsrail ilə münasibətləri normallaşdırmağa sadiq olub. Son zamanlar iki ölkə arasında münasibətlərin inkişaf etdiyinin şahidi oluruq. Çox bilinməsə də iki ölkə diasporu bu gün Avropa ölkələrində sıx əməkdaşlıq edirlər.

İki ölkəni birləşdirən tarixi-mədəni əlaqələr də bu gün münasibətlərin normallaşması üçün mühüm amil təşkil edir. İki ölkə 2010-cu ildən bəri siyasi konflikt yaşasa da iqtisadi münasibətlərə zərər dəyməyib. Bu mənada bu gün münasibətlərin normallaşmasında xüsusi bir maneə olduğunu düşünmürəm.

Türkiyə İsraili birləşdirən həm də Azərbaycan diplomatiyasıdır. Bakı Təl-Əviv və Ankara arasında təmaslar qurub gərginliyi azaltmağa çalışıb. Məhz Azərbaycanın bu inadkar mövqeyi nəhayətində iki ölkə arasında buzları əritdi. İsrailin Baş naziri Benyamin Netanyahunun tezliklə Ankaraya səfər etməsi isə iki ölkə münasibətlərinin həm də bundan sonra inkişaf mərhələsinə qədəm qoyduğunu deməyə əsas verir”.

Turan Rzayev
Globalinfo.az