Ərdoğan bu iki tarixi şəhəri “geri almaq” istəyir – Politoloq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərindəki qələbəsindən sonra İstanbulu “geri almaq” niyyətindədir. O, artıq 10 ay sonrakı bələdiyyə seçkilərində şəhəri “geri almaq” üçün fəaliyyətə başlayıb.

Bir zamanlar Osmanlı İmperiyasının paytaxtı, bu gün isə Türkiyənin ən böyük şəhəri olan İstanbul Ərdoğan üçün xüsusi önəmə sahibdir.

Ərdoğanın siyasi karyerasının yüksəlişinə səbəb olan şəhər, təxminən, 16 milyon insana, yəni Türkiyə seçicilərinin dörddə birinə ev sahibliyi edir.

Maraqlıdır, Ərdoğan qarşıdan gələn bələdiyyə seçkilərində İstanbulu və paytaxt Ankaranı geri ala biləcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, 10 ay sonra keçiriləcək bələdiyyə seçkiləri Rəcəb Tayyib Ərdoğan üçün prezident və parlament seçkilərindən çox çətin olacaq:

“Ərdoğan seçkilərdə qələbə qazansa da, bəzi detallar onun prestijinin aşağı düşdüyünü, eyni zamanda bəzi şəhərləri müxalifətə uduzduğunu göstərdi. Hesab edirəm, məhz buna görə Ərdoğan 10 ay öncədən bələdiyyə seçkilərinə hazırlıqlara başlayıb.

Misal üçün, İstanbul, Ankara, İzmir, Adana, Antalya kimi şəhərlərdə Kılıçdaroğlu daha çox səs qazandı və Ərdoğanı üstələdi. Bu, Ərdoğan üçün ciddi təhdid deməkdir.

Çünki bundan öncəki prezident seçkilərində Ərdoğan böyük şəhərlərdə qalib gələ bilməmişdi. Bələdiyyə seçkisində isə ümumiyyətlə, İstanbul və Ankaranı itirmişdi. Mən ona görə bu şəhərləri xüsusilə qeyd edirəm ki, Türkiyə seçicisinin əsas özəyi məhz bu iki şəhərdədir. İstanbul şəhəri Ərdoğan üçün həm də simvolik məna daşıyır. Çünki o, peşəkar siyasətçi karyerasına bu şəhərdə başlayıb. Bu mənada Ərdoğanın İstanbulu itirməsi onun üçün həm də ciddi bir mənəvi itki idi”.

Turab Rzayev

Politoloqun sözlərinə görə, Ərdoğanın İstanbul və Ankaranı “geri alması” üçün əvvəlcə sosial vəziyyəti yaxşılaşdırması lazımdır:

“Prezident seçkilərindəki qələbədən sonra lirə yenidən ucuzlaşmağa başlayıb. Bu həm də onu göstərir ki, Türkiyə və Ərdoğana qarşı ciddi bir beynəlxalq maliyyə təzyiqi var.

Bundan başqa, AKP-nin ən böyük problemi xarizmatik liderlər yetişdirməməsidir. Misal üçün, CHP Mansur Yavaş və Əkrəm İmamoğlu kimi simalar ilə İstanbul və Ankarada qələbə qazanır. AKP-də isə yalnız Ərdoğan xarizmatik liderdir. Bu mənada, AKP əvvəlcə İmamoğlu və Yavaşın qarşısına ən azı Ərdoğan kimi xarizmatik liderlər çıxarmalıdır”.

Turan Rzayev
Globalinfo.az