İranın Xarici İşlər naziri Abbas Əraqçi ABŞ-la davam edən atəşkəs danışıqları çərçivəsində Pakistanın vasitəçiliyi ilə yeni təmaslar üçün İslamabada səfər edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.
Bildirilir ki, Pakistanın paytaxtı İslamabad artıq ikinci həftədir sərt məhdudiyyətlər və təhlükəsizlik tədbirləri altında saxlanılır:
“Hakimiyyət orqanları hələ baş tutmamış mümkün ABŞ–İran sülh danışıqlarını gözlədiyi üçün şəhərdə faktiki “karantin” rejimi tətbiq edilib.
Məlumata əsasən, paytaxtda əsas yollar bağlanıb, ictimai nəqliyyat dayandırılıb. Şəhərə ərzaq və digər məhsullar gətirən təchizat maşınları isə şəhərdən kənarda saxlanıldığı üçün bazarlarda çatışmazlıq yaranıb.
Pakistan rəsmiləri bildiriblər ki, nümayəndə heyətlərinin, hətta ABŞ Prezidenti Donald Trampın da daxil ola biləcəyi mümkün səfər qısa müddətdə baş tutarsa, təhlükəsizlik tədbirləri qüvvədə qalmağa davam edəcək.
ABŞ tərəfinin bu görüşlərdə iştirak edib-etməyəcəyi hələlik dəqiqləşməyib”.
Safura Bənnayeva
Globalinfo.az