Emreli milliyə özü gəlmək istəmir? – İDDİA

Mahir Emreli Avstriya və İsveçrəyə qarşı AVRO-2024-ün seçmə mərhələ oyunları üçün Azərbaycan millisinə dəvət olunsa da, sonradan heyətdən çıxarılıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, buna onun zədələnməsi səbəb göstərilib.

Hər halda, verilən açıqlama belədir. Bu gün hücumçunun qasıq nahiyəsində ağrıların olduğu və fizioterapevtin nəzarətində məşq edəcəyi barədə məlumat yayılıb. Ancaq maraqlıdır ki, forvardın formasını geyindiyi Türkiyənin “Konyaspor” klubu günün ilk yarısında ölkəsinin milli komandasına gedəcək oyunçuların arasında Mahirin də adını qeyd edib.

Bu arada, məsələ ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub.

Məlumata görə,  Mahirin oynamağa mane olacaq qədər ciddi zədəsi yoxdur.

Sadəcə, o, yığmada əsas heyətdə oynayacağından əmin olmadığı üçün belə addım atıb. Emreli anlayır ki, hücum xəttindəki digər oyunçular onunla müqayisədə yaxşı formadadırlar. O, yığmanın məşqçiləri ilə əlaqə saxlayaraq, De Byazinin onu oynadıb-oynatmayacağı ilə maraqlanıb və meydana çıxmayacaqsa, gəlmək istəmədiyini, yeni komandası “Konyaspor”a daha çox uyğunlaşmaq istədiyini deyib. Onun düşərgəyə gəlməməsi üçün ilkin səbəb məhz budur, zədə ikinci dərəcəlidir.

Yeri gəlmişkən, Mahirin Super Liqada “Konyaspor”un “Ümraniyespor”a qarşı martın 26-da keçirəcəyi matçda meydana çıxmaq ehtimalı yüksəkdir.

Azərbaycan millisi martın 24-də Avstriyanın, üç gün sonra İsveçin qonağı olacaq.