Əliyevlə Paşinyan onlarla da görüşəcək – Kritik detallar

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında daha bir görüş iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda baş tutacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Faynənşl Tayms” üç mənbəsinə istinadən yayıb.

Qəzetin iddiasına görə, Avropa Siyasi Birliyi sammiti çərçivəsində keçiriləcək görüşdə Azərbaycan, Ermənistan liderləri ilə yanaşı Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin də iştirakı nəzərdə tutulub. Bununla belə, hər üç liderin Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmmanuel Makronla da görüşü planlaşdırılıb.

Qəzet danışıqlar zamanı Azərbaycanın Laçında qurduğu sərhəd-keçid məntəqəsi, eləcə də sərhədlərin demarkasiyası, əsirlərin mübadiləsi və digər mövzuların müzakirə ediləcəyini bildirib.

İlkin Həsənov
Globalinfo.az