Prezident İlham Əliyevin Xəzər Ekoloji Sammitinin Türkmənbaşı şəhərində geniş tərkibdə keçirilən iclasında səsləndirdiyi fikirlərdən biri də Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi olub. Prezident qeyd edib ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil, çay axınının azalması və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı antropogen amillərdir.
Bununla yanaşı, dövlət başçısı davam edən dəyişikliklərin potensial uzunmüddətli nəticələrinin qiymətləndirilməsinin və bu gün qərarlar qəbul olunarkən nəzərə alınmasının vacibliyini qeyd edib. O, belə bir yanaşmanın, zəruri tədbirlərin vaxtında həyata keçirilməsinin dəniz səviyyəsinin daha da aşağı düşməsinin təsirini minimuma endirməyə imkan verəcəyini vurğulayıb.
“İnanırıq ki, zəruri hüquqi baza, elmi potensial və qarşılıqlı fəaliyyət təcrübəsi konkret praktik nəticələrə nail olmaq üçün güclü təməl yaradacaq”, – deyə Prezident bildirib.
Xəzər dənizində suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsi artıq heç kəsə sirr deyil. Hətta Xəzəryanı ölkələrin hamısında bunu müşahidə etmək mümkündür. Məsələ ilk baxışda ekoloji və ya iqlim problemi kimi görünə bilər, lakin bu prosesin pərdə arxasında duran ölkə Rusiyadır.
Rusiya Xəzəri su ilə təmin edən başlıca çaylar – Volqa çayı, Ural çayı və Terek çayı – üzərində tikdiyi su anbarları və hidrotexniki qurğular vasitəsilə suyun Xəzərə axınını azaldıb. Digər tərəfdən, Volqanın suyunun yönləndirilməsi həm elektrik istehsalı, həm də Volqa–Don kanalının logistik əhəmiyyəti ilə bağlıdır.
Prezident İlham Əliyev hələ 2022-ci ildə bu problemi gündəmə gətirib. Həmin vaxt Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında ölkə başçısı su səviyyəsinin azalmasının araşdırılması və bu istiqamətdə birgə fəaliyyətin təşkili məsələsini qaldırmışdı. Başqa sözlə, Bakı problemin nəticələri daha da ağırlaşmamış sahilyanı dövlətlərin ortaq mexanizm yaratmasının vacibliyinə diqqət çəkirdi. Bu gün isə Xəzərin 20 min kvadrat kilometrdən çox sahəsinin quruduğu bildirilir və problemin miqyası artıq daha aydın görünür.
Problemin ölkəmizə yansıması
Xəzər dənizinin dayazlaşması Azərbaycanın iqtisadi maraqlarına birbaşa təsir göstərə bilər. Bakı limanı və digər liman infrastrukturları, gəmiçilik, yükdaşımalar və Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutları Xəzərin vəziyyəti ilə sıx bağlıdır. Orta Dəhlizin əhəmiyyətinin artdığı, Mərkəzi Asiya ilə Avropa arasında yükdaşımaların genişləndirilməsinin müzakirə olunduğu bir vaxtda dənizin su səviyyəsinin azalması ekoloji məsələ kimi qiymətləndirilə bilməz. Bu proses nəqliyyat xərclərinə, limanların fəaliyyətinə və regionun iqtisadi imkanlarına təsir göstərə bilər. Eyni zamanda, balıq ehtiyatlarının azalması və təbii mühitin dəyişməsi sahilyanı ərazilərdə yaşayan insanların həyatına da təsirsiz ötüşməyəcək.
Azərbaycanın mövqeyi budur ki, Xəzər dənizi sülh, sabitlik və əməkdaşlıq məkanı olmalıdır. Xəzərin ekoloji vəziyyəti sahilyanı dövlətlərin ortaq məsuliyyətinə çevrilməli, su ehtiyatlarına təsir edən amillər birgə araşdırılmalı və problemin həlli üçün real öhdəliklər müəyyən edilməlidir. Çünki dənizin səviyyəsi azaldıqca bunun nəticələri bütün sahilyanı ölkələr üçün daha hiss edilən olacaq.
Xəzəryanı ölkələr məsələ ilə bağlı bir araya gəlib ortaq yol tapmalı, hətta lazım gələrsə, Rusiyaya təzyiq edilməlidir. Əks təqdirdə, Xəzər dənizində suyun səviyyəsi əsrin ortalarına qədər həqiqətən 8–21 metr azala bilər ki, bu da özü ilə təkcə ekoloji deyil, həm də siyasi problemlər gətirəcək.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı