Ermənistan parlamentində 1999-cu ilin 27 oktyabrında baş vermiş terrorla bağlı maraqlı iddia gündəmə gəlib. Bildirilir ki, həmin ilin 18-19 noyabr tarixlərində İstanbulda ATƏT-in sammitində Azərbaycanın mərhum prezidenti Heydər Əliyevlə Ermənistanın eks-lideri Robert Köçəryan arasında sülhlə bağlı ciddi razılaşmanın olacağı gözlənilirdi. İddiaya görə, məhz Rusiya buna mane olmaq üçün sözügedən teraktı törədib.
Maraqlıdır ki, həmin vaxt Azərbaycanda da qara PR başlamışdı. Deyilirdi ki, Qarabağ bu sammitdə de-yure Ermənistana veriləcək. Hətta bir neçə şair, yazıçı H.Əliyevə mətbuat üzərindən müraciət etmişdi. İrəvan və Bakıda gərginlik pik həddə çatmışdı.
Globalinfo.az-a danışan politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, Ermənistanla Azərbaycan arasında münaqişə və müharibənin əsas səbəbi həmişə Rusiya olub:
“Hələ SSRİ dövründə 15 respublikanın əraziləri qeyri-müəyyən və qərəzli şəkildə təyin edilib. Anklav, eksklavlar, muxtar vilayətlər və s. bu anormal bölgünün nəticəsində yaranıb. Kreml əslində bunu məqsədyönlü şəkildə edirdi. SSRİ konstitusiyasında 15 respublikanın istənilən vaxt müstəqil olmasına dair bənd var idi. Bənzər bənd ABŞ konstitusiyasında ştatlarla bağlı var. Moskvada oturan və imperiyanı idarə edən qüvvələr bilirdi ki, bir gün bu sistem çökəcək. Ona görə də nəzarət etdikləri coğrafiyaları itirməmək üçün belə bir “B” planı hazırlayıblar.
SSRİ dağıldıqdan sonra Rusiya müstəqil olan respublikaların həm daxili işlərinə müdaxilə etməyə başladı, həm də münasibətlərini zədələməyə çalışdı. Bu, o qədər də çətin deyildi. SSRİ yaratdığı münaqişələri alovlandırmaqla vaxt qazandı.
Rusiya heç vaxt keçmiş SSRİ respublikalarını itirmək istəməyib. Bunun üçün isə onların daim münaqişə vəziyyətində olmasını istəyib. Ermənistan-Azərbaycan münaqişəsi buna misaldır.
O ki qaldı Ermənistan parlamentində 1999-cu ilin 27 oktyabrında baş verən terror hadisəsinə, burada da Kremlin izlərinə rast gəlmək olur. Düzdür, birbaşa “Rusiya edib” demək olmur, amma hadisənin Kreml tərəfindən törədilmə ehtimalı yüksəkdir”.
Politoloq deyib ki, Rusiya-Ukrayna müharibəsi çox şeyi dəyişdi:
“Müharibə Rusiyanın düşünüldüyü qədər güclü olmadığını göstərdi. Rusiya başa düşür ki, keçmiş respublikalar da güclənib və ondan qorxmurlar. Buna görə onlarla əməkdaşlıqda maraqlıdır. Bunu isə faktiki olaraq münaqişələri həll edərək göstərir. Misal üçün Qarabağ münaqişəsində bunu gördük. Kreml nə 44 günlük müharibəyə, nə lokal xarakterli antiterror əməliyyatlarına müdaxilə etdi. Böyük ehtimalla gələcəkdə Abxaziya və Osetiya ilə bağlı da bənzər ssenarilərin şahidi olacağıq. Vladimir Putin bununla Çar Pyoturun vəsiyyətini pozan yeganə rus lider oldu”.
Turan Rzayev
Globalinfo.az