Əliyev-Makron görüşü: Bakının üç dostu hərəkətə keçdi, Parisin qərarı dəyişdi

Əliyev-Makron görüşü: Bakının üç dostu hərəkətə keçdi, Parisin qərarı dəyişdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Fransa prezidenti Ermənistanla əldə olunan sülh razılaşması münasibətilə dövlət başçımızı təbrik edib.

Liderlər görüşdə iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti barədə fikir mübadiləsi aparıblar.

FransaAzərbaycan arasında münasibətlər normallaşır? Parisin bundan sonra Bakı ilə bağlı mövqeyi necə olacaq?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə fransalı həmkarı Emmanuel Makron arasındakı görüş ikitərəfli münasibətlərdə əvvəlki gərginliklərdən və ya rəqabətdən ardıcıl şəkildə xilas olmaq planından irəli gəlir:

“Digər yandan, Əliyevlə Makronun görüşü gələcək geosiyasi tendensiyaların fonunda populyarlıq qazanır.  Bu, Azərbaycanla Fransa arasında tez-tez istinad olunan həssas nöqtələrin necə ictimailəşdirilməsi ilə bağlı razılıqlara yol açır. Cənab Əliyevlə Makronun görüşünün xoş atmosferdə keçməsi, ilk növbədə Azərbaycan və Fransa arasında yaranmış ikitərəfli yumşalma qaydalarının nəticəsi idi.

Ehtimal ki, Bakı-Paris gündəliyi İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 8 avqustda Vaşinqtonda əldə edilmiş razılıqların Zəngəzur dəhlizi ilə əlaqədar nisbətində təzələnir. Çünki Zəngəzur dəhlizi (TRIPP marşrutu) Fransanın da regional aktivlərini zənginləşdirə biləcək üstünlüklərə malikdir. Paris özünü bu şansdan və böyük imkanlardan kənarda qoymaq niyyətində deyil.

Digər yandan, Fransa Xarici Təhlükəsizlik Baş İdarəsi son zamanlarda Balkan regionu və Cənubi Qafqazda yeni əməliyyat modeli tətbiq edir. Bu, Rusiyanın genişmiqyaslı kəşfiyyat əməliyyatlarının, o cümlədən Baş Kəşfiyyat İdarəsinin (QRU) Azərbaycan və Ermənistanla əlaqədar fəaliyyətindəki uğursuzluqları fonunda Fransanın geosiyasi predmetindəki metod dəyişikliyinə işarə verir. Güman ki, rəsmi Parisin Cənubi Qafqaz üzrə geosiyasi aktivliyi fərqli məcraya keçirməsi Azərbaycanla razılaşdırılıb”.

Əliyev-Makron görüşü: Bakının üç dostu hərəkətə keçdi, Parisin qərarı dəyişdi
Aqşin Kərimov

Analitikin sözlərinə görə, İsrailin Azərbaycanla Fransa arasındakı vasitəçiliyi ilə bağlı insayder məlumatların işıqlandırılması diqqət çəkir:

“Yəqin ki, İsrail regional yanaşmalarda Azərbaycanla Fransanı dərin köklü rəqabətdən çıxararaq gərginliyin dərəcəsini minimallaşdırmağa çalışır. Burada Təl-Əvivin hədəflədiyi strateji məqamı oxumaq çətindir, lakin digər tərəfdən Türkiyə ilə bağlı mövcud gündəm də bir sıra suallar doğurur. Bu da bir faktdır ki, Paris və Ankaranın də əlaqələrində əməkdaşlığın dərinləşdirilməsi üçün “eksklüzivlik” yaranıb. Fransa və Böyük Britaniyanın Fələstini dövlət kimi tanımasının Türkiyə üçün Yaxın Şərq siyasətində hansı üstünlüklər yarada biləcəyi və qərarın Azərbaycana təsirlərinin ölçülməsi maraq doğura bilər. Qərarın ardınca ABŞ Prezidenti Donald Trampın Qəzza zolağındakı vəziyyətlə bağlı həll modeli təklifi açıqlandı. Azərbaycan Xarici İşlər Nazirliyidə  həmin düsturları dəstəkləyən bəyanatla çıxış etdi.

Fransa ilə Böyük Britaniyanın Avropanın təhlükəsizliyindən tutmuş, Yaxın Şərq siyasətinə qədər yanaşmalarına mənfi təsirləri aradan qaldırmağa çalışdığına dair tablo var. Bu, məsələ London və Parisin Cənubi Qafqaza eyni model və üsullarla ikili yanaşmalarını da formalaşdıra bilər”.

Turan Rzayev
Globalinfo.az