Əliyev 3 səfərlə bu anonsu verdi: Avrasiyanın Orta Xəttində Pakistan-Azərbaycan gerçəkliyi

Əliyev 3 səfərlə bu anonsu verdi: Avrasiyanın Orta Xəttində Pakistan-Azərbaycan gerçəkliyi

“Cənab Prezidentin ötən həftə Qazaxıstanın paytaxtında Şanxay Əməkdaşlıq Təşkilatının və Şuşada Türk Dövlətləri Təşkilatının zirvə toplantılarından sonra İslamabada səfər etməsi onun yorulmaz fəaliyyətinin yaxın onilliklərdə yeni qələbələrimizlə müşahidə olunacağından xəbər verir”.

Bu sözləri Globalinfo.az-a politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, ötən həftə Azərbaycan liderinin Çin, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan liderləri ilə uğurlu görüşlərindən sonra daha bir vacib dialoq bu gün Pakistanda baş tutdu:
“Pakistanın Baş naziri Şahbaz Şərifin özünün şəxsən Prezident İlham Əliyevi hava limanında qarşılaması bu qardaş ölkədə Azərbaycan liderinə verilən önəmin, Ona olan hörmətin bariz nümunəsidir. Bütün paytaxtboyu Prezident İlham Əliyevin və dövlətimizin bayraqlarının asılması, Pakistan qırıcılarının bu ölkənin sərhədlərinə girişdən başlayaraq hava limanına qədər liderimizi salamlaması adi hal deyil, qardaşlıq və dostluğun vacib göstəricisidir.

Səfər zamanı hər iki tərəfdən hökumətin geniş tərkiblə iştirak etməsi, iki tərəf arasında bu gün imzalanan sənədlərin çoxşaxəliliyi Bakı – İslamabad arasında əməkdaşlığın bu dəfə dövlətlərarası dərin inteqrasiya və müttəfiqliyin bir qədər də inkişaf etdiriləcəyini göstərir.

Azərbaycan-Pakistan Avrasiyanın Orta Xəttində mühüm geosiyasi oxu formalaşdırmağa müvəffəq olmuşlar. Türkiyə- Azərbaycan – Qazaxıstan- Özbəkistan – Pakistan hərbi – siyasi, iqtisadi oxu, Azərbaycan – Çin geoiqtisadi kommunikasiya oxu formalaşmaqda olan yeni qlobal nizamda sülhə və sabitliyə, xalqların təhlükəsizliyinə töhfə verəcək münasibətlər sistemidir.

Maraqlı məqam həm də ondan ibarətdir ki, bir həftə əvvəl, iyulun 3-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub, orada mühüm məsələlər bağlı qapılar arxasında müzakirə edilib.

Əliyev 3 səfərlə bu anonsu verdi: Avrasiyanın Orta Xəttində Pakistan-Azərbaycan gerçəkliyi

3 iyul 2024-cü il. Astanada İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş keçirilib

Mətbuata açıqlamada isə, “Üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi Avrasiyada qüdrətli hərbi koalisiyanın formalaşdığının göstəricisidir. Türkiyə, Azərbaycan və Pakistan dövlətlərinin demoqrafik göstəricilərini, hərbi – texniki imkanlarını nəzərə alsaq, doğrudan da, çox ciddi koalisiyanın formalaşdığının göstəricisidir”.

Politoloq deyib ki, həmin dialoqun ardından belə bir genişmiqyaslı səfərin baş tutması rəsmi Bakının regional və qlobal kontekstdə böyük hədəflərinin olduğundan xəbər verir:

“Sözsuz ki, ilk növbədə söhbət hərbi texniki, təhlükəsizliklə bağlı bəlkə də bir çoxlarının təsəvvür etmədiyi hədəflərdən və razılaşmalardan da gedə bilər. Yaxın onilliklərdə regional və qlobal güclərin Qafqazla bağlı qorxunc planlarının olduğunu istisna etməsək, Pakistanın Azərbaycanla strateji müttəfiqliyinin həmin planları alt – üst etməyə qadir olduğunu deyə bilərik.

Xarici siyasət tam olaraq intensiv şəkildə həyata keçirilir. Hər iki ölkə daim ərazi bütovlüyü məsələsində bir – birinə açıq şəkildə dəstək ifadə ediblər. 44 günlük müharibədən sonra rəsmi Bakı Pakistan üçün ağrılı məsələlərdə bu dövlətin yanında olduğunu bildirib.

Ən son isə Azərbaycan Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün qeyri-daimi üzvlüyünə namizədliyinə tam dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi status alması üçün müraciətini dəstəkləməkdədir.

Etiraf etmək lazımdır ki, iki ölkə arasında ticarət dövriyyəsi real potensialdan dəfələrlə azdır. Hazırda 100 milyon ətrafında olan bu rəqəmlərin gələcəkdə 2 milyard dollara çatdırılması əsas hədəflərdən biridir.
Lakin burada haşiyəyə çıxmaq istərdim. İqtisadiyyatda qarşılıqlı ticarətin elə də çox olmamasına baxmayaraq siyasi münasibətlərin ən pik həddə olması müasir siyasətdə nadir nümunələrdən biridir və Azərbaycan – Pakistan qardaşlığında əsas dəyərin məhz səmimi, mənəvi dəyərlər olduğunun bariz göstəricisidir.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Turan Rzayev
Globalinfo.az

Əliyev 3 səfərlə bu anonsu verdi: Avrasiyanın Orta Xəttində Pakistan-Azərbaycan gerçəkliyi