Şair Əlisəmid Kürün (Cəfərli) müalicəsi Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin edilən pasiyentin vəziyyəti ağır stabildir. Aparılan müayinələrin nəticələrinə əsasən müsbət dinamika müşahidə olunur.
Qeyd edək ki, Əlisəmid Kürün səhhəti sentyabrın 15-i pisləşib, o, Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib. Hazırda şairin müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilir.
***09:45
“Dostumuz Əlisəmid Kürün sağlamlıq durumu ilə əlaqədar mənə çoxlu müraciətlər olur. Məlumat üçün bildirim ki, Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində müalicə alan şair artıq Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb”.
Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bunu Əlisəmid Kürün dostu – Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirib.
“Dünən günün ikinci yarısı xəstəxananın baş həkimi Sahib Hüseyinovla görüşüb birlikdə Əlisəmid Kürü ziyarət etdik. Çox-çox şükür, onun durumunda xeyli irəliləyiş var, dualarınızı əsirgəməyin”.
Əlisəmid Kür səhhətində yaranan problem səbəbiylə sentyabrın 15-də xəstəxanaya yerləşdirilib.
Ailəsinin məlumatına görə, 74 yaşlı şairin qaraciyər və böyrəklərində problemlər var. Onun müxtəlif orqanlarına gedən damarlarında da tıxanıqlıq yaranıb.














