Bakının təsdiqlədiyi sənəddəki üçüncü ölkə hansıdır? – Politoloqun versiyası

Ermənistan və Azərbaycan delimitasiyası komissiyalarının iş reqlamentini təsdiqləyiblər. Belə ki, komissiyalar iclasların reqlamenti, birgə işçi görüşlərin təşkili qaydalarını müəyyənləşdiriblər. Azərbaycan Baş naziri Əli Əsədovun təsdiqlədiyi reqlamentdə diqqətçəkən məqamlar var. Burada görüşlərin Azərbaycan və Ermənistan əraziləri ilə yanaşı, üçüncü ölkələrin də ərazisində keçirilə biləcəyi razılaşdırılıb.

Maraqlıdır, söhbət hansı tərəflərdən gedir – Rusiya, Türkiyə, Aİ, ABŞ, yoxsa Gürcüstan?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, görüşlərin əsasən Azərbaycan və Ermənistan ərazilərində keçirilməsi nəzərdə tutulub:

“Bu, prioritet məsələlərdən biridir. Hesab edirəm, Baş nazir Əli Əsədovun təsdiqlədiyi reqlamentdə qeyd olunan “üçüncü ölkə” detalı fors-major məqamlar üçündür. Yəni ehtiyac yaranarsa, adı çəkilən ölkələrdən birinin ərazisində görüşlər keçirilə bilər.

Elçin Mirzəbəyli 

Burada ilk sırada dayanan ölkə Gürcüstandır. Azərbaycan üçün də Gürcüstanda görüşün keçirilməsi daha məqbuldur. Prinsip etibarilə Ermənistan üçün də bu, problem olmamalıdır. Türkiyədə də görüşlərin keçirilməsi mümkündür. O ki qaldı ABŞ və Avropada görüşlərin keçirilməsinə, fikrimcə, hazırda buna ehtiyac yoxdur.

Bir də nəzərə almaq lazımdır ki, reqlament məsələləri ilə sülh müqaviləsini eyniləşdirmək olmaz. Delimitasiya prosesi uzunmüddətli məsələdir və zaman tələb edir”.

Turan Rzayev
Globalinfo.az