Ekvadorda güclü zəlzələ oldu

3 4

Ekvador sahilləri yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az Reuters“ə istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar Esmeraldas şəhərində binalara ziyan vurub və bəzi neft obyektlərinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

EMSC-nin məlumatına görə, zəlzələ 23 kilometr dərinlikdə qeydə alınıb. Ekvadorun müvafiq qurumları sunami təhlükəsinin olmadığını açıqlayıb.

Hökumətin ilkin hesabatında bir nəfərin xəsarət aldığı bildirilib. Eyni zamanda bir sıra dövlət və özəl binalara ziyan dəyib, bəzi bölgələrdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Prezident Daniel Noboa “X” sosial platformasında etdiyi paylaşımda hökumətin sığınacaqların yaradılması, humanitar yardımın çatdırılması və xalqın ehtiyac duyduğu hər şeylə təmin olunması üçün səfərbər olacağını bildirib.

Ekvadorun Geofizika İnstitutu isə zəlzələnin gücünü əvvəlcə 6,0 bal olaraq qiymətləndirib və daha sonra Guayas vilayətində 4,1 bal gücündə ikinci bir yeraltı təkanın baş verdiyini bildirib.

Aysel Əliyeva
Globalinfo.az