Ekspert təklif verdi, nazirlik isə susur – Mövsümün bəlası…

Fermerlər istehsal etdikləri kənd təsərrüfatı məhsullarını satmaqda çətinlik çəkirlər. Hər il mövsüm başlayanda rayonlarda sahibkarlar, fermerlər məhsullarının xarab olduğunu deyirlər.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, əslində, bununla bağlı “Tarladan süfrəyə” adlı bir proqram qəbul olunmuşdu, lakin kağız üzərində qaldı:

“Şəhərdə yarmarkaların keçirilməsi ilə bu məsələnin həllinə çalışdılar, amma effekt vermədi. Çünki fermerlərin həmin yarmarkalara birbaşa çıxışı çətin idi.

İkincisi, burada çox ciddi bir məsələ var. Fermerlərin bazarlara təkbaşına çıxmağa həvəsi, marağı və imkanları olmur. Məsələn, hər gün 150-200 kiloqramlıq malın satışına görə fermerin məhsulu maşına yükləyib Bakıya gətirməsi və şəhərdə satması yol xərcini ancaq çıxara bilir”.

İqtisadçı deyib ki, fermerlərə faydalı sistem təklif olunmalıdır:

“Hər qəsəbədə bir satış nöqtəsi yaradılsın və həmin kəndin, qəsəbənin 20-30 fermeri birləşib növbəli şəkildə hamının malını gətirib satsın. Yəni hər dəfə bir fermer hamının məhsulunu gətirib, satıb qayıtsın və bu qaydada davam etsin. Belə bir sistemin formalaşması daha doğru, daha uyğun və qazanclı olar. Fermer nə qədər baha satsa da, bazardakı qiymətdən qat-qat ucuz olacaq. Bu baxımdan “Tarladan süfrəyə” anlayışının işləməsi üçün müxtəlif modellərin tətbiq olunmasına ehtiyac var”.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərsək də, sualımıza cavab ala bilmədik.

Zaira Akifqızı
Globalinfo.az