ABŞ-ın Nyu-York şəhərində dağıdılmış əkiz qüllələrin yerləşdiyi ərazidəki bərpa olunmuş kompleksin sonuncu ofis göydələni olan İkinci Ümumdünya Ticarət Mərkəzinin inşasına başlanılıb. “American Express” şirkətinin yeni mərkəzi ofisi Aşağı Manhetten ərazisinin yenidənqurma işlərinin yekun mərhələsi olmalıdır.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, təməlqoyma mərasimi iyulun 9-da, ilkin kompleksi yerlə-yeksan edən 11 sentyabr 2001-ci il terror aktlarının 25-ci ildönümünə təxminən iki ay qalmış baş tutub.
Tədbirdə Nyu-Yorkun meri Zohran Mamdani, şəhər şurasının spikeri Culi Menin və digərləri iştirak ediblər. Mamdani Ümumdünya Ticarət Mərkəzinin ərazisini “müqəddəs torpaq” adlandıraraq, yeni layihənin faciədən sonra şəhərin dirçəlişini simvolizə etdiyini bildirib.
“Qüllələrin çökməsindən və minlərlə insanın həlak olmasından sonra şəhərimiz kədərə qərq olmuşdu. Lakin illər keçdikcə əvvəlki əzəmət geri qayıtdı”, – deyə mer qeyd edib.
Onun sözlərinə görə, yeni göydələnin tikintisi 3 200-dən çox iş yeri yaradacaq, Nyu-York iqtisadiyyatına təqribən 5.9 milyard dollar, ştatın büdcəsinə isə 6.3 milyard dollar gəlir qazandıracaq.
İkinci Ümumdünya Ticarət Mərkəzi 55 mərtəbəli, sahəsi 2 milyon kvadrat futa (təqribən 185 min kvadratmetr) yaxın olan şüşə qüllə kimi inşa ediləcək. Binada eyni anda 10 minə qədər işçi fəaliyyət göstərə biləcək. Bu binanın inşası dağılmış əkiz qüllələrin yerində yaradılan yeni işgüzar mərkəzin formalaşdırılması prosesini yekunlaşdıracaq. Bərpa edilən kompleksin ilk nəhəng binası Azadlıq Qülləsi kimi tanınan Birinci Ümumdünya Ticarət Mərkəzi olub. Əvvəllər bu yerdə orijinal kompleksin Şimal qülləsi yerləşirdi.
İkinci Ümumdünya Ticarət Mərkəzinin əsas icarədarı orada özünün baş ofisini yerləşdirəcək “American Express” şirkəti olacaq. Şirkət tikintinin maliyyə dəyərini açıqlamayıb.