Yay fəslində əsas suallardan biri məzuniyyəti harada və necə keçirməkdir. Əksəriyyət ölkədaxili istirahətə üstünlük versə də, xaricə səyahət edənlər də var. Bəziləri düşünür ki, qonşu və vizasız ölkələrə getmək bəzən yerli turizm bölgələrindən daha sərfəli olur.
Bu il vəziyyət necədir?
Globalinfo.az-a danışan Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi deyib ki, yay aylarında Qəbələ, Quba, Şəki, Qusar və Lənkəran kimi rayonlar ən populyar seçimlərdir:
“2025-ci ildə sözügedən bölgələrdə 5-7 günlük ailəvi istirahət üçün orta büdcə 1200–2000 manat arasında dəyişir. Qiymətə adətən hotel, yemək və bəzi əyləncə xidmətləri daxildir. Getdikcə yeni açılan kənd evləri, ekoturizm marşrutları və ailəvi düşərgələrə də maraq artır. Xaricə səyahət edənlər də kifayət qədərdir. Seçimlər arasında Türkiyə, Gürcüstan, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) var”.
Samir Dübəndi
Ekspert bildirib ki, xarici ölkələrə 5-7 günlük səfər üçün minimal büdcə təxminən 1000-1800 manat civarındadır:
“Bu məbləğə uçuş, hotel və gündəlik xərclər daxildir. Seçim şəxsi büdcə, maraq dairəsi və rahatlıq istəyinə görə dəyişir. Ailəli insanlar üçün Azərbaycanda istirahət daha sakit və uyğun görünə bilər. Amma yeni yerlər görmək və fərqli mədəniyyətlərlə tanış olmaq istəyənlər üçün xaricə səyahət ideal variantdır. Qiymətlər demək olar ki, bir-birinə yaxındır. Bu yay üçün həm yerli, həm də xaricdə istirahətə xərclənən vəsaitlər arasında ciddi fərq yoxdur. Əsas məsələ vaxtında planlama aparmaq və erkən rezervasiya ilə maksimum qənaət əldə etməkdir”.
Zaira Akifqızı
Globalinfo.az














