Son vaxtlar televiziya kanallarında yayımlanan sosialyönlü verilişlərdə xoşagəlməz halların yaşanması geniş vüsət alıb. Xüsusən etik çərçivələrə sıxmayan bəzi olayların baş verməsi cəmiyyətdə əxlaq dəyərlərinin deqredasiyası kimi qiymləndirilir.
Məsələ ilə bağlı Globalinfo.az-a danışan Mətbuat Şurasının sədri Rəşad Məcid efirlərdə baş verən hadisələrlə bağlı dəfələrlə telekanallara müraciət etdiklərini bildirib:
“Ümumiyyətlə, həm televiziya məkanında, həm mətbuatda, həm də sosial mediada etik davranışların gözlənilməsi ilə bağlı hər zaman müraciət edirik. Xüsusən də təhqir, söyüş və vulqar ifadələrdən istifadə olunmasına görə narazılığımızı bildiririk. Yəni bu məsələ daim bizim də diqqətimizdədir”.
R.Məcid qeyd edib ki, sosialyönlü verilişlərdə yaşanan problemlərlə bağlı da Mətbuat Şurasına müraciətlər daxil olur:
“Lakin bu məsələlərlə daha çox Audiovizual Şura məşğul olmalıdır. Amma biz yenə də etik-davranış qaydaları və bu kimi məsələlərdə öz iradlarımızı bildiririk. İnanıram ki, sözügedən məsələdə ictimaiyyətin qınağı da öz təsirini göstərəcək”.
Məlumat üçün bildirək ki, daha əvvəl telekanallar efir zamanı ədəbsiz ifadələrin işlənməsi, xoşagəlməz davranış sərgilənməsi və pis nümunə ola biləcək kadrları yayımlanmasına görə dəfələrlə cərimələniblər. Lakin bütün bunlar TV-lərdə mövcud problemlə bağlı əsaslı dəyişikliklərə səbəb olmayıb.
Zaira Akifqızı
Globalinfo.az














