Ədalət Partiyasından qərar: Bu şəxs vəzifəsindən uzaqlaşdırıldı

Ədalət Partiyasından qərar: Bu şəxs vəzifəsindən uzaqlaşdırıldı

“Ədalət Partiyasının Ali Məclisinin aprelin 19-da keçirilən iclasında 17 may 2025-ci ildə Ədalət Partiyasının növbəti IX Qurultayının keçirilməsi haqqında qərar qəbul edilib. Həmçinin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə partiyanın bəyanatında qeyd olunub.

Bildirilib ki, Ali Məclis sədri və müavinlərinin məlumatları olmasına baxmayaraq, iclasa planlı şəkildə gəlməyiblər:

“Bununla da iclası pozmağa çalışıblar. Bu alınmadıqda isə qərara veto qoyulması barədə bəyanat yayıblar. Lakin bəyanatda göstərilənlərdən heç biri əsas vermir ki, Ali Məclisin qərarına veto qoyulsun.

Birincisi, Siyasi Şura üzvlərinin Ali Məclisin iclasında iştirakı vacib deyil, çünki onlar Ali Məclisin üzvləri deyil və yalnız dəvət edildikləri halda iclasa qatıla bilərlər.

İkincisi, Ali Məclis sədri, onun müavinləri bilərəkdən iclasa gəlməyib, sağlam rəqabət aparmaq əvəzinə, partiyanın ofisinin kilidini dəyişərək, iclasın baş tutmasına əngəl olmağa çalışıblar. Onlar iclasda iştirak etmədiyi halda, partiya Nizamnaməsinə əsasən, iclas səlahiyyətli hesab olunur. Buna görə, onun qərarlarına veto qoyula bilməz”.

Qeyd olunub ki, sözügedən iclasda Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi yaradılaraq,  Ali Məclisin səlahiyyətlərinə son verilib:

“Onun sədrinin də səlahiyyət müddəti bitib. Beləliklə, 19 aprel 2025-ci il tarixdən etibarən Meydan Babayev Ədalət Partiyasının sədrinin səlahiyyətlərini icra etmir. Bütün səlahiyyətlər Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinə və onun sədrinə keçib. IX Qurultay 17 mayda keçiriləcək və bu məqsədlə bütün rayon təşkilatlarını fəal iştirak etməyə çağırırıq”.